Qəzaların kökündə yol hərəkəti qaydalarına etinadsızlıq durur

14 Dekabr 2017 09:44 (UTC+04:00)

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 12 nəfər vəfat edib. Belə ki, şənbə günü ölkə yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər vəfat edib, daha 12 nəfər isə ağır və orta ağır dərəcəli xəsarətlər alıb. Bazar günü də ölkə yollarında baş vermiş qəzalar 6 nəfərin həyatına son qoyub. Bütövlükdə isə 2017-ci ilin yanvar-noyabr aylarında ölkənin avtomobil yollarında 1334-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı  554-dən çox insan həlak olub, 1260-dan çoxu yaralanıb.  Düzdür, bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə az olsa da, kifayət qədər ölüm faktından söhbət gedir. Ekspertlər yol-nəqliyyat hadisələrinə səbəb kimi bir çox amilləri qeyd edirlər. Belə ki, ilk növbədə sürücü və piyadaların yol-hərəkət qaydalarına riayət etməməsi göstərilir. Eyni zamanda yol infrastrukturu, nəqliyyat vasitələrinin nasazlığı kimi digər faktorlar da yer alır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, hər bir hadisənin əsasında yol hərəkəti iştirakçılarının qaydalara etinadsız yanaşmaları durur: “Düzdür, bəzən insanlar yol hərəkət qaydalarını bilmədən pozurlar. Belə olduğu halda bilvasitə yol hərəkət iştirakçıları olan insanların daim maariflənməsinə ehtiyac var. Ancaq bəzən də sürücülər, eləcə də piyadalar qaydaları bilərəkdən pozurlar. Yolda istədiyi kimi davranırlar. Yol qəzaları əsasən buna görə baş verir. Ancaq hər bir hadisə ayrılıqda təhlil olunmalıdı. Hər bir yol qəza hadisəsinə səbəb olan amil dəqiq müəyyən edilməlidir. O zaman hadisənin qəsdən yoxsa, təsadüfən baş verdiyi məlum olacaq”.

Ekspert onu da əlavə etdi ki, bəzi hallarda qəzalar yol hərəkət iştirakçılarının səhvi ucbatından yox, sırf yol infrastrukturuna görə baş verə bilər: “Məsələn, avtomobil yolunun özündə müəyyən çatışmazlıqlar olur ki, sürücülər, piyadalar çətin vəziyyətə düşür, qəza şəraiti yaranır. Ona görə də yol hərəkət iştirakçıları məlumatlandırıcı işarələrə diqqət etməlidirlər. Düzdür, buna əhəmiyyət verməyən sürcülər daim olacaq. Ancaq problemə kompleks şəkildə yanaşılmalıdır”.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynovun fikrincə isə, qəzalarda səbəblər eynidir: “Bunlar illərlə təkrarolunan səbəblərdir. Sürücülər, piyadalar yol hərəkət qaydalarına, müəyyən qədər də texnikaya normal yanaşmırlar. Bundan başqa, yollardakı problemləri də əlavə edə bilərik. Yəni, əksər qəzalarda səbəblər eynidir. Üstəgəl, şənbə və bazar günləri uzaq məsafələrə gediş-gəlişlərin sayı artacaq. Bundan başqa nəzərə alaq ki, son həftə ölkə ərazisində dumanlı, çiskinli havalar oldu. Bu da hazırlıqsız sürücü üçün qəzaya səbəb olur. Düzdü, rəsmi məlumatlarda yer almadı. Ancaq bəzi dağətəyi rayonlarda yollarda buzlaşma da var idi. Nəzərə alaq ki. buzlaşma  xüsusən gecə saatlarında olur. Bu da sürücülər üçün çətinlik yaradır”.

Mübariz BAYRAMOV