Azərbaycan iqtisadiyyatı 16% böyüyüb

14 Dekabr 2017 13:30 (UTC+04:00)

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 mlrd. 71,3 mln. manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

 
Dövlət Statistika Komitəsindən movqe.az-a verilən məlumata görə, ÜDM istehsalının 40,1%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft bölməsində isə 5,1% azalıb.
 
"APA-Economics"in hesablamaları göstərir ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatı ötən ilin analoji dövrü ilə müqayisədə 15,87% artıb. Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkədə 54 mlrd. 433,1 mln. manat məbləğində ümumi daxili məhsul istehsal edilib.