Böyük Britaniya Azərbaycanda ən böyük investordur

14 Dekabr 2017 16:20 (UTC+04:00)

 İqtisadiyyat naziri, Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev həmkarı, Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhed ilə görüşüb. 
Movqe.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. 
Ş.Mustafayev Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verdiyini, hər iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycanda Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. 
Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin bu ilin sentyabrında 2050-ci ilə qədər uzadılmasının tarixi əhəmiyyətini qeyd edən nazir Azərbaycanın Britaniyanın BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirib: “BP şirkəti Azərbaycanda neft-qaz sahəsində 7 layihədə iştirak edir, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələrində paya malikdir. Azərbaycana yatırılan investisiyaların həcminə görə, Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində, eləcə də Böyük Britaniyada təhsil alırlar”.
Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən Ş.Mustafayev B.R.Ferhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. Onun sözlərinə görə, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər: “Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inklişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər”.
Nazir həmçinin Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, Azərbaycandan Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib. 
Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.
B.R.Ferhed isə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, Böyük Britaniya şirkətləri, o cümlədən BP ilə əməkdaşlığı xüsusilə qeyd edib. İqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayan nazir bu baxımdan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin önəmini vurğulayıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.