Azərbaycanın Avropa üçün iqtisadi əhəmiyyəti gündəmdədir

15 Dekabr 2017 08:00 (UTC+04:00)

Bu günlərdə Avstriyanın OMV neft-qaz kompaniyasına məxsus Baumqarten terminalındakı qaz habında baş verən partlayışdan sonra İtaliyaya qaz nəqli dayanıb. ANSA agentliyi xəbər verir ki, sistemin təhlükəsizliyinə cavabdeh olan İtaliyanın SNAM şirkəti bunun istifadəçilərə təsir göstərməyəcəyini bildirsə də, əslində təchizatda böhranlı vəziyyət yarana bilər. Çünki, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda açıqlamasında hökumətin fövqəladə vəziyyət elan etməyə hazırlaşdığını söyləyib: “Avstriyada qazpaylayıcı stansiyada baş verən qəza səbəbindən ciddi problemlə üzləşmişik. Əgər bu gün TAP hazır olsaydı, indi qazın olmamasına görə fövqəladə vəziyyət elan etməyə hazırlaşmazdıq”. İtaliyanın nəhəng enerji şirkəti “Eni” korporasiyasının icraçı direktoru Klaudio Deskatsi isə enerji sektorunda qazın dayandırılması ilə bağlı heç bir problemin olmaması, amma qiymətlərin qalxacağı barədə açıqlama verib. “Əgər bu vəziyyət sabah başa çatsa, o zaman problem yaşanmayacaq. Əgər həftələrlə davam etsə onda qazın qiyməti qalxacaq”.

Nazir Karlo Kalendanın “bu gün TAP hazır olsaydı” açıqlaması təsadüfi deyilmiş söz deyil. Çünki, Azərbaycanın sürətli inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən, Avropada ölkəmizə yaranmış ehtiyacın getdikcə artmasından əndişələnən bəzi qüvvələr təxribatlar törətmək yolu ilə TAP-ın məhz İtaliya ərazisindən keçən hissəsinin işini əngəlləmək, bununla da “Cənub qaz dəhlizi”nin ümumiyyətlə ləğvinə nail olmaq istəyirdilər. Bədxahlar niyyətlərini həyata keçirə bilmədilər. Amma kəmərin çəkilməsi bu səbəbdən bir qədər vaxt itkisinə məruz qalıb. Həqiqətən TransAdriatik Boru Kəməri digər istiqamətlərdən olan kəmərlərə alternativ olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol alacaq. 
Qeyd etmək yerinə düşər ki, TAP layihəsi TransAnadolu Qaz Kəməri layihəsinin davamıdır və bunların başa çatdırılması ilə “Cənub qaz dəhlizi”nin yaranması yekunlaşacaq. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmaqla  Azərbaycan Qərb üçün qlobal enerji təklükəsizliyinin təminatçısına çevrilib. 
Şahdəniz qaz yatağının istisamarı iki mərhələni əhatə edir: Şahdəniz Mərhələ-1 və Şahdəniz Mərhələ-2 . Şahdəniz Mərhələ-1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb və Azərbaycan ancaq Türkiyəyə və Gürcüstana qaz ixrac edir. Şahdəniz Mərhələ-2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi daha nəhəng bir layihədir və bu layihə əsasında TAP  ideyası yaranıb. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi nəzərdə tutulur.
Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. TANAP və TAP layihəsi çərçivəsində Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhəddində təhvil veriləcək. 

N.NOVRUZ