Ermənistan suyu bulandırmaqdan əl çəkmir

15 Dekabr 2017 09:30 (UTC+04:00)

“Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibəsində deyib. Məsələ burasındadır ki, Ermənistan xarici işlər naziri guya Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını iddia edir. Halbuki iş heç də belə deyil. Azərbaycan XİN rəhbəri bu haqda deyir: “Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə və danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu.

Vyana görüşünün nəticə olaraq razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaqdır. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.
Bəs, bir ay keçəndən və hər şey aydınlaşandan sonra nə baş verə bilər? Həll olunacaq məsələ o qədər konkretdir ki, nəyin baş verəcəyini məsələ barədə bir balaca məlumatı olan şəxs dərhal cavab verər. Əslində “hər şeyin hansı şəkildə aydınlaşacağı” Ermənistanın sərgilədiyi mövqedən asılıdır. Yəni, ermənilər ya konstruktiv mövqe nümayiş etdirib reallığı dərk etməli, ya da höcətçilik edib vəziyyəti son həddə qədər gərginləşdirməlidirlər. Baş verən hadisələr göstərir ki, daha düşmənin mütəlif rollar sərgiləyərək manevr etmə imkanları daralır. Avropa İttifaqı və Avropa Parlamenti kimi qurumların ölkələrin örazi bütövlüyü prinsipini bir daha və qəti olaraq rəsmi şəkildə yazılı bəyan etməsi münaqişənin həlli üzrə sübstantiv danışıqların qaçılmazlığını göstərir. Bu mənada Ermənistanın yanında yalnız Kreml qalmış olur. Hətta Kremldə məskən salmış ermənipərəst qüvvələrin də sıralarında qarışıqlıq düşə bilər. Belə ki, Moskvanın Azərbaycana yeni səfir təyin etdiyi Zuyev familiyalı diplomatın ermənipərəst mövqeyinə görə Bakı tərəfindən qəbul edilməməsi Rusiyanın xarici siyasət idarəsinin birtərəfli mövqeyinə güclü zərbə sayılmalıdır. Azərbaycanın bu addımı onun rəhbərliyinin siyasi iradəsinin qətiyyətliliyini göstərməklə yanaşı həm də vəziyyətin əvvəlki dövrlərdən xeyli fərqləndiyini ortaya qoyub. Yəni, Rusiya Azərbaycana münasibətində verdiyi vədləri, ona göstərilən “xətir-hörmətin” əvəzini qaytarmalıdır. Ondan tələb olunan isə Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmasıdır. Ermənistanda da bunu başa düşməmiş deyillər.
Vyana görüşündən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın nala-mıxa vurması da “tələyə düşənin çarəsiz vurnuxması”ndan başqa bir şey deyil. Çünki, yaxşı bilir ki, vədə yetişib və hətta vaxt keçib. Gələn ilin əvvəlinədək konstruktiv mövqe sərgiləməsələr düşdükləri bataqlıqdan çıxa bilməyəcəklər. Azərbaycan sülhə alternativ variantları işə salaraq torpaqlarını azad edəcək. Elmar Məmmədyarov da “bir aydan sonra məsələ tam aydınlaşacaq” deyəndə bunu nəzərdə tutur. Yəni, ya sülh yolu, ya da müharibə. Qarabağ mütləq azad olunmalıdır.
N.NOVRUZ