İraqda tapılan 19 azərbaycanlı uşağın kimliyi müəyyən edilib

14 Dekabr 2017 19:10 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin koordinasiyası və yerli hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə İraq ərazisində müəyyən edilən kimsəsiz azərbaycanlı uşaqların ölkəyə qaytarılması işləri gedir.

Bu barədə Movqe.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisinin sözlərinə görə, həmin qurumlar uşaqların kimliklərinin müəyyənləşdirilməsi, eyni zamanda onların tibbi müayinədən keçirilməsi məsələləri ilə məşğuldurlar. 

“Bir sıra məslələr var ki, onlar həllini tapandan sonra uşaqların Azərbaycana gətirilməsi reallaşacaq. Bəzi uşaqların valideynləri ölüb, bəziləri itib, bəziləri xəstə vəziyyətdədir. Bundan əlavə texniki məsələlər araşdırılır. Artıq 19 uşağın kimliyi müəyyənləşdirilib və onların hansı düşərgələrdə olmaları məlumdur”. 

S.Heydərov qeyd edib ki, İraqda kimsəsiz azərbaycanlı uşaqların sayının çox olması barədə məlumatlar var: “İŞİD üzvləri dağıldıqdan və oradakı azərbaycanlılar hərəsi bir tərəfə qaçdıqdan sonra kimsə uşağından ayrı düşüb, kiminsə uşağı başqa evdə gizlənib və s. Yerli hüquq-mühafizə orqanları ilə İraqda həmin uşaqların müəyyənləşdirilməsi, axtarılması istiqamətində işlər gedir”.