Bakıda öz toyuna hazırlaşan qız hamamda komaya düşdü

15 Dekabr 2017 12:21 (UTC+04:00)

Respublika üzrə dəm qazından zəhərlənmə diaqnozu ilə bu ilin müvafiq dövründə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsin 207 nəfər müraciət edib. Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə bu gün keçirilən mətbuat konfransında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalma var: “Sözsüz ki, buna KİV-də maarifləndirmə tədbirləri öz müsbət təsirini göstərib. 2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halı qeydə alınmayıb". 

Azər Maqsudov bildirib ki, dəm qazı təhlükəsi hər kəsi narahat etməli, qazla işləyən qızdırıcı cihazların vanna otağı ilə uyğunluğuna diqqət yetirilməlidir: "10 gün bundan öncə toya hazırlaşan gənc qız koma vəziyyətində bizim şöbəyə gətirildi. Axşam saat 01:00 radələlərində şöbəyə daxil olan gənc qızın səhəri gün toyu olacaqdı. Oğlan və qız evi şok halında idi. Növbətçi həkimlərin sayəsində həmin qızı bir  sutkaya yaxın müddətdə özünə gətimək mümkün oldu. Bu cür hadisələrin baş verməməsi üçün vanna otaqlarında nəfəsliklər, vanna otaqlarının qapısının aşağı hissəsində dəliklər olmalıdır". 

Şöbə müdiri onu da qeyd edib ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə dərhal yorğana bükülməlidir. Çünki, həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Zülfiyyə Quluyeva