Siyavuş Novruzov: "Həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil"

15 Dekabr 2017 14:12 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

S.Novruzov bildirib ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb: "Birinci oxunuşda qanun layihəsi ilə bağlı edilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, Silahlı Qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmalı, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin. Təbii ki, heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür".

Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət etməsi ilə bağlı fikirlərinə cavab verən deputat söyləyib ki, orduya, Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir: "Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı QHT tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil".

S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışırlar: "Lakin bu, nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. XXI əsr tamamilə fərqlidir. Silah növləri tamamilə dəyişilir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasında cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-lər lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətdən qapalı olmalıdır ki, öz işinin öhdəsindən gələ bilsin".

Millət vəkili müdafiə nazirinin mülki şəxsdən olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbçi olmalıdır: "Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, nə baş verdiyini, ölkənin başına nə oyun açdığını gördük. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yol vermək mümkün deyil. Ordu sirləri qapalı olmalıdır. Mətbuat ordunun özünün yaydığı məlumatdan kənar məlumatları yaymamalıdır".