İnternet üzərindən qumar oyunlarına maraq artır

14 Mart 2013 16:45 (UTC+04:00)
Gənclər arasında internet üzərindən mərc oyunlarına, pul qoymaq imkanının genişlənməsi, bu sahədə qanunsuzluqların artmasına yol açıb. Virtual qumar oyunlarına nəzarət mexanizminin zəifliyi isə bu cür oyunlara həm marağı, həm də istifadəni artırıb. Movqe.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, internet üzərindən qumar oyunlarının qarşısını almaq mümkündür. Sadəcə olaraq bunun üçün provarderlər həmin mərc oyunlarının, qumar oyunlarının təşkili ilə məşğul saytları blok etməlidir.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev isə deyir ki, internet üzərindən qumar oyunlarının qarşısını almaq üçün mütləq məhkəmənin qərarı olmalıdır. Onun sözlərinə görə, bu cür saytları blok etmək insan haqlarının pozulmasıdır. İ. Əliyevin sözlərinə görə, yalnız məhkəmə qərar verdiyi anda bu cür saytların fəaliyyəti dayandırıla bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə isə deyir ki, internet üzərindən qumar oyunlarına hüquq mühafizə orqanları tərəfindən nəzarət olunur. Belə oyunların təşkilinə görə, İnzibati Xətalar Məcəlləsində şərti maliyyə mislinin 15 mislindən 20 mislinədək cərimə nəzərdə tutulur: "Bu İnzibati Xətalar Məcəlləsinin 309 maddəsi ilə tənzimləmir".