Aqrar sektordakı artım özünü ixracatda da göstərir

16 Dekabr 2017 09:00 (UTC+04:00)

2017-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6200,6 mln. manat təşkil edib ki, onun da 3258,6 mln. manatı heyvandarlıq, 2942,0 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,9% artıb.
İlin 11 ayı ərzində qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2917,8 min ton olub.
2017-ci il yanvar-noyabr aylarında tarlalardan 889,4 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,1% çox kartof, 1370,5 min ton (10,9% çox) tərəvəz, 437,5 min ton (5,8% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 11 sentner, tərəvəz üzrə 31 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 151, 199 və 187 sentner olub.
Cari ildə 194,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə çox pambıq, 30 min ton (75,2% çox) dən üçün günəbaxan, 408,2 min ton (44% çox) şəkər çuğunduru və 5,1 min ton (41,1% çox) tütün yarpağı yığılıb. Hesabat dövrünə 923,7 min ton (5,4% çox) meyvə və giləmeyvə, 145,8 min ton (8,4% çox) üzüm, 772,2 ton (22,9% az) yaşıl çay yarpağı toplanıb. 
 Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 450,1 min ton, süd istehsalı 0,8% artaraq 1847,1 min ton, yumurta istehsalı 6,4% artaraq 1564,9 milyon ədəd olub. 
Kənd təsərrüfatı sahəsində baş verən bu artım onun ixrac potensialının daha da yüksəlməsinə gətirib çıxara bilərmi? 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə qeyd etdi ki, kənd təsərrüfatı məhsulları sahəsində baş verən artım tempi özünü bu məhsullar üzrə ixracatın artımında da göstərib: “Cari ildə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, 2017-ci ilin  11 ayının göstəricilərinə görə, kənd təsərrüfatında ümumi məhsulun artımı 4,2 faiz təşkil edib. Bu artımın nəticəsidir ki, aqrar məhsullar üzrə ixracatımızda da artımlar olub. Kənd təsərrfatının ixrac potensialı 34,8 faizə qədər çoxalıb. 5,9 milyard dollarlıq məhsul ixrac edilib. Pambıq ixracatı 8, 6 dəfə, pomidor 5 faiz, soğan ixracatı 5,2, meyvə 19, tütün 70,6 faiz artıb. Beləliklə görürük ki, kənd təsərrüfatı istehsalının artımı öz növbəsində həmin məhsullar üzrə ixracın da artmasını şərtləndirib. Bu ilin 11 ayı ərzində buğda idxalı 25 faiz azalıb. Bu amillər onu göstərir ki, kənd təsərrüfatı sabitlik mərhələsinə qədəm qoyub. Aqrar sahənin dayanıqlı inkişaf tempi təmin olunub”.  
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, aqrar sektora dəstəyin artırılması ilə onun istehsalı və ixrac potensialı daha da yüksələcək: “Bu ilki anormal iqlim şəraitində kənd təsərrüfatı məhsullarının ümumi həcmində 4,2 faiz artımın olması bütün hallarda müsbət hadisədir. Kənd təsərrüfatı məhsullarının yığım dövrü əsasən yayın sonu, payız dövrünə təsadüf edir ki, bu ərəfədə də intensiv yağışlar baş verdi. Amma bununla belə ölkəmizin mövcud potensialı fonunda 4,2 faizlik artımı o qədər də yüksək rəqəm kimi dəyərləndirmək olmaz. Potensialımız bu rəqəmin daha yüksək olmasını özündə ehtiva edir. Prosesdə əsaslı dönüşə və belədə ixrac məhsulları üzrə həcmin daha da artımına nail olmaq üçün kənd təsərrüfatına baxış dəyişməlidir. Bunun baş verməsiləaqrar sektor üzrə məhsulda həm ixracat artacaq, həm məhsul bolluğu olacaq. Ona görə də bir sıra məsələlərə diqqət yetirməliyik. Məhsul istehsalının daha geniş həcmdə artımı üçün fermerlər arasında azad rəqabət mühiti formalaşmalıdır. Dövlətin dəstəyi yetərli olmaqla yanaşı, ucuz kreditlərin verilməsi fonunda olmalıdır. Aqrar sığortanın tətbiq edilməsinin də məhsul istehsalı və onun ixracatının artımında mühüm rolu olacaq. Başlıca kənd təsərrüfatı maşınlarının istehsalı da ölkə daxilində təşkil olunmalıdır. Dövlət dəstəyi davam edəcəyi və yerlərdəki süni maneələr aradan qaldırılacağı təqdirdə böyük potensialımız daha geniş həcmdə məhsul istehsal edərək onun ixracatını da artırmağa imkan verəcək. Ölkədə kənd təsərrüfatı torpaqlarının yenidən inventarizasiyası da şərtdir. Bunların hamısı həyata keçəcəyi təqdirdə kənd təsərrüfatı qeyri-neft sektoru içərisində ən perspektivli sahə olacaq”.
Rüfət NADİROĞLU