Prezident Rumıniya Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

14 Mart 2013 17:32 (UTC+04:00)

Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.


Münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmini qeyd edib. Azərbaycan xalqının rumın xalqına böyük hörmətlə yanaşdığını deyən dövlət başçısı müxtəlif məsələlərlə bağlı Rumıniyanın ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkür edib. Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib.


Rumıniya Deputatlar palatasının sədri Valeriu Zqonea ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra dostluq əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafının razılıq doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edib.


Görüşdə Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.