Azərbaycan hərb məhsullarına dünyada tələb sürətlə artır

19 Dekabr 2017 09:15 (UTC+04:00)

Azərbaycanda digər sahələr kimi, müdafiə sənayesi də sürətlə inkişaf edir, istehsal edilən hərbi təyinatlı məmulatlar artır. Bunu müdafiə sənayesi naziri Yavər Camalovun son açıqlamaları da təsdiq edir. 

Onun bildirdiyinə görə, artıq Müdafiə Sənayesi Nazirliyinin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar: “Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir”.

Nazir qeyd edib ki, bunun nəticəsində müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. Y. Camalov vurğulayıb ki, istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir: “Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artıb". 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Azərbaycanın hərbi sənaye sahəsində geniş uğurlara imza atdığını diqqətə çatdırdı: “Təbii ki, cənab Prezident artıq neçə illərdir, Azərbaycan iqtisadiyyatının təkcə neft-qaz gəlirlərindən asılı olmamalı olduğunu qarşıya qoyub. Azərbaycan iqtisadiyyatı bütün sahələr üzrə şaxələnməli və bütün sahələr inkişaf etməlidir ki, büdcə gəlirləri təkcə neft-qaz sahəsinə möhtac olmasın. O cümlədən Azərbaycanda hərbi sənaye kompleksi də inkişaf edir. Bu sahə isə ölkəmiz üçün olduqca vacib olan sahələrdəndir. 

Azərbaycan müharibə vəziyyətindədir. İkincisi, müharibə vəziyyətində olmasaq da, hərbi sənayenin inkişaf etdirilməsi,  hər bir dövlətin daxili imkanlar hesabına silah-sursatla özünü təmin edə bilməsi dövlətin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün çox vacib şərtlərdən biridir. Bu fonda bütün digər sahələrlə yanaşı, Azərbaycanın hərbi sənayesi də inkişaf edir. Dünyanın bir çox ölkələri bu istiqamətdə çox illik təcrübəyə malikdirlər. Dövlətlər var ki, əsrlərlə silah-sursat istehsalı ilə məşğuldur. Azərbaycanda isə bu sahə yenidir. Ona görə də daha təcrübəli ölkələrin təcrübəsi və işindən öyrənib bəhrələnməyi özümüzə borc bilirik və ona da nail oluruq. 

Eyni zamanda, Azərbaycan özünəməxsus qaydada hərbi sənaye kompleksini inkişaf etdirir. Azərbaycan alimləri də bu sahəyə töhfələr verir. 

Ölkəmiz hazırda xeyli dərəcədə silah-sursat, hərbi texnika ilə özünü təmin etməklə bahəm, bu məhsulun dünyanın bir çox dövlətlərinə ixracını da həyata keçirir. Təbii ki, bu, Azərbaycanın gəlirlərinin artmasına da səbəb olur. Ən vacibi odur ki, müəyyən kritik məqamlarda, lazım olanda hər hansı bir hərbi silah, texnika üçün heç kimə möhtac olmayaq, özümüz-özümüzü təmin edə bilək. Qarşıya qoyulan məqsəd budur və ona da nail oluruq”.     

Milli Məclisin deputatı Asim Mollazadə vurğuladı ki, Azərbaycan Ordusu ən müasir silah-sursatla məhz özünün daxili imkanları hesabına təmin olunur: “Azərbaycan hərbi-sənaye kompleksini inkişaf etdirməklə özünün hərbi texnika və silahlara olan ehtiyacının mühüm hissəsini məhz daxili imkanlar hesabına təmin etmək şansı qazanacaq ki, bu fonda da həmin məhsullar üzrə idxaldan asılılığı azaldırıq. Eyni zamanda, Azərbaycanda müasir sənayenin yaradılması ölkə iqtisadiyyatının şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu mənada müdafiə sənayesinin inkişafı həmçinin iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı anlamına gəlir.  Ən əsası isə bu nailiyyətlərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara cavab verən təchizatla təmin edilməsinə yardım etmiş olur”.

Rüfər NADİROĞLU