Suryia terrorçuları Dağlıq Qarabağda…

19 Dekabr 2017 09:30 (UTC+04:00)

Ermənistanın suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququ ciddi şəkildə pozur. Bu barədə Azərbaycan nümayəndə heyətinin BMT-yə ünvanladığı məktubda bildirilir.

Məktubda deyilir: "Azərbaycanın məcbur köçkünlərin probleminə həssas yanaşması başa düşüləndir. Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün və ərazilərin işğalının davam etməsi nəticəsində bu gün Azərbaycanda dünyada daxildə yerdəyişməyə məruz qalmış ən çox sayda əhali yaşayır" Məktubda əlavə olunur ki, bəzi siyasi liderlərin öz maraqları naminə məzlum mühacirlərdən istifadə etmək cəhdlərinə xüsusi diqqət ayrılmalıdır: "Buna bariz misal olaraq Ermənistan tərəfindən suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsini göstərmək olar ki, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Bununla erməni nümayəndə heyətinin əsas məqsədi isə suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilməsi üçün maliyyələşdirilməyə nail olmaqdır".

Qeyd edək ki, Suriyada davam edən vətəndaş müharibəsi dövründə çoxsayı insan öz yurd-yuvasını tərk etməli olub. Onlar arasında Suriyadan olan erməni əsillilər də var ki, Ermənistan onları qəbul edərək beynəlxalq hüququ pozmaqla Dağlıq Qarabağda yerləşdirir. Dəfələrlə bildirilib ki, İrəvan rejimi işğal etdiyi torpaqlarda terrorçu dəstələr də yerləşdirir, onların burada düşərgələri var. Bu mənada da Suriyadan qaçqın adı ilə ölkəni tərk edənlərin bir hissəsinin terrorçu olması və onların Dağlıq Qarabağ kimi nəzarətsiz ərazidə yerləşdirilməsi də istisna olunmur.

Siyasi icmalçı Azər Həsrət qeyd etdi ki, qaçqınlara qayğı göstərilməsi pərdəsi altında gizlənərək Ermənistan rejimi əslində, Dağlıq Qarabağa kriminal, terrorçu ünsürləri toplayır: “Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdə terrorçu dəstələri yerləşdirməkdə maraqlıdır. Əslinə qalanda, qaçqınlara qayğı göstərməsi görüntüsü yüratmaqla Serj Sarkisyan rejimi faktiki olaraq, işğal etdiyi torpaqlarımızda kriminal elementləri yerləşdirir ki, müharibə alovlanacağı təqdirdə, həmin elementlərdən istifadə etsin.

BMT kimi bir qurum hər halda Suriyada, Dağlıq Qarabağ ətrafında baş verən prosesləri də bilir. Bütövlükdə Dağlıq Qarabağ münaqişəsi barədə BMT-də kifayət qədər məlumat və material var. Əlbəttə ki, bu cür hadisələrin baş verməməsi üçün BMT kimi qurumların önləyici tədbirlər görməsi vacib idi. Yəni, çağırışlar edilməli idi ki, Suriyadan çıxarılan qaqqınlar başqa münaqişə bölgələrinə yerləşdirilməsin. Amma bu edilməyib. İndi Azərbaycanın bu istiqamətdə öz hüququnu tələb etməsi və onunla bağlı olaraq BMT-yə müraciət edərək məsələyə dünyanın diqqətini yenidən cəlb etməsi təqdirəlayiqdir.

Ümid etmək istəyirəm ki,  Ermənistanın bu təxribatına qarşı növbəti diplomatik hücumumuz  nəticə verəcək. BMT, onunla bahəm digər beynəlxalq qurumlar, dünya gücləri uyğun addımlar atacaqlar”.

Politoloq Elşən Manafov bildirdi ki, Ermənistanın Suriya probeminin yaratdığı məqamdan istifadə edərək erməni kökənli qaçqınları Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə yerləşdirməsi beynəlxalq hüquq normaları baxımndan yolverilməz haldır: “Bu faktın özü də bir daha təsdiq edir ki, Ermənistan müstəqil Azərbaycan dövlətinə təcavüz etmiş bir ölkədir və təcavüzün yaratdığı reallıqlardan istifadə edərək Dağlıq Qarabağda etnotəmizlə siyasəti apararaq buradakı demoqrafik durumu ermənilərin xeyrinə dəyişməkdədir.

Digər tərəfdən İrəvanın Suriyadan olan qaçqın erməniləri işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirməsi həm də Sarkisyan iqtidarının bu faktı dünya ictimaiyyəti və daxili ictimaiyyətdən gizlətmək istəyindən irəli gəlir. Məlumdur ki, Sarkisyan iqtidarının həyata keçirdiyi yarıtmaz sosial-iqtisadi siyasət nəticəsində son bir neçə ildə 1 milyona qədər insan Ermənistanı tərk edib. Bu faktla əlaqədar onu demək olar ki, Sarkisyan iqtidarının bütün şirnikləndirici addımlarına baxmayaraq, erməni xalqı Dağlıq Qarabağ və ona bitişik ərazilərdə məskunlaşmaq fikrindən xeyli uzaqdır və bundan imtina edirlər. Çünki oradakı durum Ermənistandakı durumdan fərqli deyil. Bu faktın özü də göstərir ki, Sarkisyan iqtidarı beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan dövlətçiliyinin başı üzərindən bu siyasəti həyata keçirir. Halbuki, beynəlxalq qanunlara görə, Azərbaycan dövlətinin razılığı olmadan bu və ya digər əcnəbu vətəndaşın beynəlxalq birlik tərəfindən ölkəmizin ərazisi kimi  tanınan torpaqlara qeyri-qanuni şəkildə daxil olması yolverilməzdir. Ona görə də bu kimi hallara qarşı sərt cəza tədbirləri görülə bilər və görülmlidir.

Azərbaycan bununla bağlı əlində olan faktları BMT-nin müvafiq instansiyalarına ünvalamaqla həmin faktın Ermənistanın Dağlıq Qarabağla bağlı siyasətilə əlaqədar olduğunu sübut edə bilər. Bu faktın özü bir daha ğöstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Qarabağdakı separatçı rejimə birbaşa hərbi, siyasi, maliyyə dəstəyini də məhz Ermənsitan iqtidarı həyata keçirir. Tədricən ətalət prosesi aradan götürülür. Avropa İnsan Haqları Məhkəməsi qaçqın düşmüş Azərbaycan vətəndaşları ilə bağlı qərar qəbul edirsə, ölkəmiz həmin işi bundan sonra da davam etdirməlidir. Düşünürəm ki, bu istiqamətdə qaçqın və məcburi köçkünlərimizin Avropa Məhkəməsinə olan müraciətləri artmalıdır. Onunla yanaşı, Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsilə bağlı faktları Azərbaycan tərəfi Haaqa Məhkəməsinə müraciət edərək İrəvanın beynəlxalq hüquqa zidd hərəkətlərini faş etməlidir”.

 Rüfət NADİROĞLU