Avropa Parlamentində Ermənistanın növbəti fiaskosu

19 Dekabr 2017 09:42 (UTC+04:00)

Bir neçə gün əvvəl Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib. Bu tip hesabatlar siyasi  əhəmiyyətinə görə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin il ərzində hazırladığı və qəbul etdiyi ən vacib sənəd hesab olunur.  Budəfəki hesabatda  Azərbaycan üçün prinsipial maraq kəsb edən müddəalar da öz əksini tapıb. Sənəddə ilk dəfə bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət öhdəlik kimi qəbul edilir. Beynəlxalq hüquq və normaların tərkib hissəsi olan “ərazi bütövlüyü” məsələsinin AP-nin öhdəliyi səviyyəsinə qaldırılması o deməkdir ki, təşkilat artıq bu müddəanı sadəcə təkrarlamaqla kifayətlənməyəcək, həm də onun təminatına öz öhdəliyi kimi yanaşacaq.

Təxminən bir ay əvvəl Avropa İttifaqının Brüssel Sammitində ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi birmənalı şəkildə və eyni zamanda təkrar olaraq təsbit edilmişdi. Həmin vaxt Sammitin iştirakçısı kimi Ermənistam nümayəndə heyəti xeyli çalışsa da həqiqətin üzərinə pərdə çəkə bilməmişdi. Qərar Qətnamə formasında qəbul edilmişdi. Bu dəfə Avropa Parlamentinin eyni məzmunda qətnaməni qəbul etməsi, ümumiyyətlə, Avropa strukturlarında həqiqətə yönəlik fəaliyyətin başlanmasından xəbər verir. Daha erməni manipulyasiyaları bu strukturlarda işə yaramır. Bütün bunlar isə Azərbaycan diplomatiyasının uzun illər apardığı məqsədyönlü mübarizənin nəticəsidir. Belə ki, Azərbaycan torpaqlarının 20 faizinin işçğal edilməsi faktı ortada ola-ola beynəlxalq strukturlar daim ərazi bütövlüyü məsələsindən danışarkən mütləq millətlərin öz müqəddəratını təyinetmə hüququnu xüsusi intonasiya ilə vurğulayırdılar. Belə bir aforizm var, deyir, sən başını aşağı sal öz işini gör, zaman hər şeyi yerinə qoyacaq. İndi İspaniyanın Kataloniya vilayəti müstəqillikdən danışmağa başlayarkən avropalı yetkililər nə qədər böyük səhvə yol verdiklərini anladılar.

Bir neçə il əvvəl Azərbaycanda səfərdə olan AŞPA-nın baş katibi Terri Devisə bizim alimlər Qarabağ həqiqətləri barədə təxminən 40-a yaxın elmi əsəri onun diqqətinə çatdırıb, faktlarla sübut etmişdilər ki, Dağlıq Qarabağ və ümumiyyətlə Qarabağ tarixən bizim torpaqdır. Faktları təmkinlə dinləyən baş katib sonda aram-aram soruşmuşdu ki, bu elmi tədqiqatların, kitabların müəllifləri arasında heç olmasa bir nəfər əcnəbi alim varmı? Onun təəccübünə rəğmən, bildirilmişdi ki, həmin müəlliflərdən yalnız biri azərbaycanlıdır, qalanları erməni, gürcü, rus və avropalı müəlliflərdir. Buindan sonra faktları bir daha nəzərdən keçirən Terri Devis dərindən həyəcanlanmışdı. Strasburqa qayıdandan sonra ilk dəfə olaraq AŞPA yetkilisi Azərbaycan torpaqlarının işğal edilməsi barədə bəyanat vermişdi. Lakin məsələ bununla da bitmişdi. Çünki, Avropa strukturlarında ermənipərəst qruplar güclü idi və tez-tez Azərbaycan əleyhinə təbliğata təşəbbüs göstərirdilər.

Builki hesabatda ilk dəfə Şərq Tərəfdaşlığı ölkələrində baş verən münaqişələrə Avropa Parlamentinin vahid mövqedən yanaşması əksini tapıb. Bu, işdə ciddi dönüş sayılmalıdır.
Avropa Parlamentinin ermənipərəst üzvləri müzakirələr zaman ərazi bütövlüyü prinsipi ilə bağlı müddəaların mahiyyətini təhrif edən düzəliş irəli sürsələr də, parlamentarilərin əksəriyyəti həmin düzəlişin əleyhinə səs verib. Düzdür, bu addım hələ məsələnin həlli anlamına gəlmir. Yəni, sözdə hər şey yaxşılığa doğru dəyişib, indi əməli fəaliyyət olmalıdır. Güman edirik ki, bu proses Minsk qrupunun fəaliyyətində də özünü biruzə verəcək. Azərbaycan diplomatiyası xalqımızın haqqını axıradək müdafiə etməyə nail olacaq.

 

N.NOVRUZ