Bakının İslam Həmrəyliyi hərəkatı üzrə çağırışları dəstəklənir

19 Dekabr 2017 09:55 (UTC+04:00)

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” adlandırılması və bu istiqamətdə aparılan ciddi işlər dünya müsəlman birliyinin güclənməsinə böyük təkan verib. Həmrəyliyin güvənc yeri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları olub. İHO ilin ən böyük idman hadisəsi olmaqla yanaşı həmrəyliyin möhkəmlənməsi ilə də yaddaşlarda iz salıb.

Mərkəzində Azərbaycanın multikultural və multikonfessial cəmiyyəti dayanan və müxtəlifliyin harmoniyasını yaradan dinc yanaşı yaşamaq konsepsiyasının modeli fərqli dünyagörüşlü insanların heyranlığına səbəb olur. Bu, bəlkə də birtərəfli qaydada o qədər nəzərə çarpmır. Məsələn, Azərbaycanda ayrı-ayrı millətlərin, dinlərin, etnik qrupların nümayəndələri bu haqda heç düşünmürlər. Çünki, onlar buna çoxdan alışıb və qarşılıqlı ünsiyyət vasitəsinin dağıdıcı formaları onlara tamamilə yaddır. Amma başqa ölkələrdən gəlib bu harmoniyanı görənlər qarşılarında canlanan ünsiyyət panoramını və yaşam tərzini təəccüblə qarşılayırlar. Azərbaycandan yeni mərhələyə başlayan həmrəylik hərəkatının ən maraqlı, ən güclü və ən ibrətamiz nəticəsi də bu an baş verir. İnsanların ənənəvi dağıdıcı və bölücü baxışları, necə deyərlər, “uçub tökülür”, yerində isə birliyə, qarşılıqlı qəbuletməyə, fərqli dünyagörüşə dözümlülük inamı cücərməyə başlayır. Bu cücərtilərin inkişaf edib böyük budaqlara çevrilməsinə heç bir şübhə yeri yoxdur. Çünki, insanlığı və fərdləri yaxşılığa, sülhə, əmin-amanlığa səsləyən mənbələrdən qidalanırlar.

Bu günlərdə mətbuatda Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın ortaq hərbi birlik yaradacaqları haqda məlumat dərc olunub. İnformasiyanı Türkiyənin “Milliyət” qəzeti yayıb. Məlumatda bu birliyin “Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri” adlandırılacağını bildirib. Yeni  qurumun simvolu at və dörd ulduzdan ibarət olacaq. Yeni qurum 2018-ci ildə rəsmən fəaliyyətə başlayacaq və sadəcə sülh üçün çalışacaq. Hər bir üzv ölkəni qurumda öncə müəyyən edilmiş  sayda kontingent təmsil edəcək. Bu qurum BMT Sülhməramlı Qüvvələri kimi çalışacaq.

Bu təşəbbüsün  arxasında İslam həmrəyliyi ideyasının durması şəksizdir. Təsadüfi deyil ki, sülhməramlı qüvvələr yaradan 4 ölkədən üçü İslam Əməkdaşlıq Təşkilatının üzvü və türk respublikasıdır. Monqolların da türklərlə gen yaxınlığı məlumdur. Məsələ burasındadır ki, hərbi təşkilat olan yeni qurum dünyada sülhün qorunması uğrunda mübarizə aparacaq. İlk baxışda belə bir sual yarana bilər ki, əgər BMT sülhməramlıları varsa, onda əlavə bir hərbi sülhməramlı təşkilata nə ehtiyac var? Sualın cavabını Azərbaycanın sülhməramlı qüvvələrin tərkibində oynadığı rola nəzər salmaqla almaq olar.

Azərbaycan əsgərlərinin Əfqanıstanda neçə illərdir ki, sülhməramlı qüvvə statusunda təhlükəsizliyin qorunması işinə verdiyi töhfələr yerli və beynəlxalq miqyasda müsbət qitmətləndirilir. Ona görə ki, birincisi, Azərbaycan əsgəri müxtəlif qarışıq bölgələrdə xidmət etmək üçün fiziki və mənəvi cəhətdən hazırlıqlı olurlar. İkincisi, müsəlman əsgərin müsəlman ölkəsində sülhyaratma missiyası daha anlaşıqlı və yerli əhali tərəfdən normal qəbul edilir. Üçüncü vacib amil də odur ki, Azərbaycan vətəndaşı olan xristian, yaxud yəhudi dininə səcdə edən əsgərlər də müsəlman ölkəsindəki hərbi kontingentin tərkibində qulluq etməyə mənən daha hazırlıqlı olur. Yaxud da əksinə, Azərbaycan Ordusunun müsəlman əsgəri xristian və ya yəhudilər yaşayan bölgədə sülhyratma missiyasını daha yüksək səviyyədə yerinə yetirə bilir.   Demək, sülhyaratma prosesində eyni inancdan olan insanların qarşılaşması və ünsiyyət qurması daha asan və başadüşüləndir. Bu əsasda İslam həmrəyliyi çağırışı tamamilə yerinə düşür və əmin-amanlığın zəmanəti rolunu oynayır. Milli xüsusiyyətlər də bura əlavə olunsa, onda yeni qurumun əhəmiyyəti aydın olar. Həmrəylik zəminində qurumun tezliklə daha geniş kontingentə malik olacağını indidən proqnozlaşdırmaq olar. Çünki, müsəlman ölkələri arasında sülhməramlı hərbi qüvvələrə ehtiyacı olanlar çoxdur.

N.NOVRUZ