Xarici ölkələrdəki əlidiplomlu işsiz soydaşlarımız-Diplomlarını təsdiqlədə bilmirlər

19 Dekabr 2017 15:41 (UTC+04:00)

Mətbuatın tez-tez gündəmə gətirdiyi məsələlərdən biri xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı olsa da, son vaxtlar ölkəmizdə təhsil alanların diplomlarının xarici ölkələrdə qəbul olunması da aktual problemə çevrilib. Bəllidir ki, Azərbaycanda təhsil alıb müxtəlif səbəblərdən xaricdə yaşamalı olan soydaşlarımızın diplomları əksər xarici ölkələrdə təkrar imtahandan sonra sonra qəbul edilir. Bu, ölkəmizdə zamanla saxta diplomların verilməsi kimi halların olması ilə bağlıdır. Amma son vaxtlar Azərbaycanın ali təhsil ocaqlarının diplomları ilə xaricdə işləmək istəyənlərin qarşısına çıxan daha bir maneə də var. Bu ölkəmizdəki universitetlərin verdiyi diplomlarının xaricdə təsdiqlənməsi ilə bağlı yaranmış çətinliklərdir. Türkiyədə yaşayan soydaşlarımızın verdiyi məlumata görə, onlar ölkəmizdəki ali təhsil ocaqlarının verdiyi diplomla qardaş ölkədə iş üçün müraciət etdikdə, onlardan diplomlarının saxta olub-olmadığını təsdiqləyən sənəd tələb olunur. Bu halda soydaşlarımız Türkiyənin Yüksəköyrətim Kuruluna (YÖK) ə müraciət etməli olurlar. YÖK soydaşlarımızın diplomunun həqiqiliyinin yoxlanılması üçün Azərbaycana sorğu göndərsə də, bu sorğuya cavab ən yaxşı halda 7-9 aya, ən pis halda isə illərlə yubanır. Beləcə Türkiyədə yaşayan əlidiplomlu soydaşlarımızın öz ixtisaslarına uyğun iş tapması ləngiyir. 

Mövqe.az soydaşlarımızın diplomların tanınması ilə bağlı qardaş ölkədə qarşılaşdığı problemin səbəbini araşdırıb. Araşdırma zamanı bəlli olub ki, Türkiyədə diplomların təsdiqlənməsi üçün YÖK tərəfindən Azərbaycana göndərilən sorğu ölkəmizin təhsil nazirliyinə yönləndirilmir. Nazirlikdən bildirdilər ki, xarici ölkələrdən, eləcə də Türkiyədən Azərbaycan universitetlərinin diplomlarının təsdiqlənməsi üçün hər hansı sorğu daxil olmayıb. Nazirlikdən onu da qeyd etdilər ki, 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib. Bu qərarı tətbiq etmək məqsədilə 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanıb. Bu əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə idarə də yaradılıb. 
Apardığımız araşdırma zamanı üzə çıxdı ki, Türkiyədə yaşayan soydaşlarımızın diplomlarının həqiqiliyinin yoxlanılması ilə bağlı sorğu Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilir. Səfirlikdən isə bildirdilər ki, YÖK tərəfindən diplomların həqiqiliyinin yoxlanılması ilə bağlı daxil olan sorğular qısa zaman kəsiyində aidiyyatı universitetə göndərilir: “Türkiyənin Azərbaycandakı səfirliyi diplomların həqiqiliyinin yoxlanılması üçün heç bir araşdırma aparmır. Həmin sorğular diplom verən universitetlərə göndərilir. Universitetlər nə vaxt sorğuya cavab versələr, həmin cavab da YÖK-ə göndərilir. Sadəcə olaraq bu proses bir qədər uzun çəkir. Sorğuya cavabın YÖK-ə vaxtında göndərilməsi Azərbaycandakı universitetlərdən asılıdır. Onlar cavabı nə qədər tez versələr, biz də həmin təsdiqi YÖK-ə o qədər tez göndəririk”.
Amma səfirlikdən onu da qeyd etdilər ki, bəzən universitetlərin öz diplomlarının təsdiqi ilə bağlı verdiyi cavab məktubu YÖK-ü qane etmir: “Bəzən unuversitetlərin cavabı YÖK-ə göndəridikdən sonra diplom sahibinin təhsili əyani, yoxsa qiyabi aldığına dair əlavə suallar yaranır. Bu suallara cavablar, yazışmalar diplomların təsdiqlənməsi ilə bağlı müddəti bir qədər də ləngidir”.
Təhsil üzrə ekspertlər də problemin ciddi olduğunu söyləyirlər.Təhsil üzrə tanınmış ekspert Kaman Əsədov deyir ki, hazırda nəinki Türkiyədə, digər xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımız var ki, ölkəmizdə aldıqları diplomun saxta olmadığının təsdiqinə dair sənəd təqdim edə bilmədiklərindən, yaşadıqları ölkədə öz ixtisaslarına uyğun işləyə bilmirlər: “Xarici ölkələrin əksəriyyətində əcnəbilərin diplomları onların ali təhsil aldıqları universitetin reytinqinə görə tanınır. Azərbaycanın 54 ali təhsil müəssisəsindən heç birinin adı dünya reytinqinə düşməyib. Ona görə də, əksər xarici ölkələrdə Azərbaycan ali məktəblərinin diplomlarının həqiqiliyinin yoxlanmasına ehtiyac yaranır. 
Onların məqsədi Azərbaycanda belə bir universitetin olub-olmadığını yoxlamaq, diplomu təsdiqlətməkdir.
Azərbaycanla Türkiyə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması üçün müqavilə olsa da, qardaş ölkədə bizim diplomlarımızın həqiqiliyinə hələ də şübhə var. Orada belə bir fikir var ki, Azərbaycanın istənilən ali təhsil ocağından bir həftəyə saxta diplom almaq mümkündür. Ona görə də, Türkiyədə iş üçün müraciət edən soydaşlarımızdan YÖK-dən diplomun həqiqiliyinə dair sənəd gətirmələri tələb edilir. YÖK də müraciət edən soydaşımızın diplomunun saxta olub-olmadığını yoxlamaq üçün Azərbaycana sorğu göndərir. Bu problem bir daha onu göstərir ki, Azərbaycanın təhsil nazirliyi, ali təhsil ocaqları YÖK-lə anlaşma imzalayaraq birbaşa əlaqəyə keçə bilməyiblər. Bu səbəbdən də YÖK diplomun təsdiqinə dair sorğunu Azərbaycandakı Türkiyə səfirliyinə, səfirlik isə universitetlərə göndərir. Bu da müəyyən zaman alır. Azərbaycandakı universitetlərin çoxu öz məzunlarının elektron bazasını formalaşdırmayıb. Xarici ölkələrdəki universitetlər isə artıq bu sistemi qurublar. Xaricdə hansı universitetin məzun sisteminə daxil olaraq diplomun nömrəsini yazsan orada diplom alan şəxsin adı, hansı ildə ali məktəbə daxil olub, hansı ildə başa vurduğu və digər zəruri məlumatları əldə etmək mümkündür. Bizim ali təhsil ocaqları isə belə bir sistem yarada bilməyiblər. Ona görə də YÖK diplomun həqiqiliyinin yoxlanılması üçün Azərbayacana sorğu göndərmək məcburiyyətində qalır. Bir neçə il bundan əvvələ kimi, Azərbaycan ali təhsil müəssisələrinin normal internet saytı belə yox idi. Son illər ali təhsil ocaqları öz veb saytlarını yaratsalar da, elektron məzun sistemini beynəlxalq tələblərə uyğun formalaşdırmayıblar. Ona görə də, Türkiyədə, digər ölkələrdə yaşayan soydaşlarımız bəzən illərlə sorğuya cavabın veriləcəyi günün gözləyirlər”.
Həmsöhbətimiz deyir ki, xaricdə alınmış istənilən diplomun Azərbaycanda tanınması üçün Təhsil Nazirlyində nostrifikasiyadan kecmək tələb olunduğu kimi, başqa ölkələrə iş üçün gedən məzunlarımızın müvafiq işlə təmin olunması üçün də həmin ölkənin müvafiq qurumunda nostrifaksiyadan keçmək tələbi var.
Apardığımız araşdırma zamanı öyrəndik ki, ölkəmizdəki ali təhsil ocaqlarının bəziləri elektron məzun bazası yaratsalar da, bu sistemə kənardan giriş mümkün deyil. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirdilər ki, ali təhsil ocağının saytında elektron məzun bazası yaradılıb. Amma bazaya giriş daxilidir. 
Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz bu problemin aradan qaldırılması üçün Təhsil nazirliyinin ali məktəblərin məzunlarının vahid elektron bazası üzərində iş apardığını söyləyir: “Mən bildiyim qədər təhsil nazirliyi belə bir elektron baza yaratmaq üçün iş aparırdı. İndi internet əsri olduğundan, diplomların həqiqiliyinin yoxlanılması üçün yazışmalar aparmağa, sorğu göndərməyə ehtiyac yoxdur. Hər bir universitetin elektron məzun bazası yaradılmalı, bu sistem açıq olmalıdır. Xarici ölkələrdən diplomun saxta-olub olmadığını yoxlamaq üçün ali təhsil müəssisələri məzunlarımın vahid elektron bazasına ehtiyac var. Təhsil nazirliyi belə bir elektron baza yaradarsa, bu cür yazışmalar, sorğulara cavab gözləmək vaxt aparmaz”.
Təhsil nazirliyi ilə təkrar əlaqə zamanı hələki belə bir vahid elektron baza olmasa da, elektron hökumət portalında bu elektron xidmət yaradılır. İşlər başa çatdıqdan sonra diplomların həqiqiliyini internet üzərindən e-hökumət portalıma daxil olmaqla istənilən ölkədən yoxlamaq mümkün olacaq”.

Zülfiyyə QULUYEVA