Qarabağdan başlayacaq böyük savaş

20 Dekabr 2017 08:00 (UTC+04:00)

Gələn il dünyanın beş münaqişə zonasından  III Dünya müharibəsi başlaya bilər. Bu barədə müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli “The National İnterest” jurnalına bildirib. 

Eksperti NATO-nun cənub cinahındakı situasiya da narahat edir. Onun mövqeyinə görə, Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq. Bu da Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyaya təsir edəcək. Farlinin fikrincə, bu kontekstdə xüsusən Dağlıq Qarabağ münaqişəsi daha təhlükəlidir. Bu mövqeyində amerikalı ekspert nə dərəcədə haqlıdır? Qarabağa görə böyük savaş başlaya bilərmi?
Politoloq Natiq Mirinin fikrincə, hazırkı situasiyada Qarabağ konflikti qobal xarakter daşıdığından, onun alovlanması yeni dünya savaşının başlanmasına rəvac verə bilər: “III Dünya savaşınn başlanmasına rəvac verə biləcək əsas səbəblər bilavasitə bəzi dövlətlərin çoxstandartlı fəaliyyətilə əlaqəlidir. Həmin dövlətlərin öz konstitusiyalarında və yaxud beynəlxalq səviyyədə qəbul olunan norma və prinsiplərə uyğun gəlməyən ikili standart səviyyəsində fəaliyyət göstərmələri üzündən hazırda dünyanın hər bir regionunda savaş təhlükəsi ya var, ya da savaş gedir. 
Şimali Koreya ilə ABŞ arasında nüvə müharibəsi təhlükəsi mövcuddur. Bu nüvə müharibəsinin baş vermə ehtimalı günü-gündən daha da artır. Çünki tərəflərdən heç biri geriyə çəkilmək fikrində deyil. Həmçinin, Şimali Koreyanı ABŞ-a qarşı qıldıran Çin və Rusiya kimi regional güclər də mövcuddur. Yəni, Pxenyan bunu təkcə öz günü hesabına etmir. Yaxın Şərqdə də 5 ildir ki, savaş gedir və onun bitəcəyi gün də hələlik qeyri-müəyyən olaraq qalır. Ona görə ki, İŞİD terrorçularının İraq və Suriyada bitirilməsinə rəğmən, ABŞ 2018-ci il büdcəsində PKK-nın qolu olan YPQ-PYD terrorçularına əlavə 500 milyon dollarlıq büdcə ayırıb. Bunun hansı anlama gəldiyi barədə hələlik ABŞ rəsmiləri ciddi açıqlama da verməyiblər. Belə ki, İŞİD-ə qarşı ən qızğın mübarizə dövründə, 2015-2016-cı illərdə Vaşinqton sözügedən kürd terrorçularına 400 milyon dollardan bir qədər artıq vəsait ayırmışdı. Savaşın bitdiyi bir dönəmdə isə həmin qüvvələrə daha çox vəsait ayırır ki, bu da Ağ Evin heç də xoş olmayan niyyətlərindən xəbər verir. Bu kontekstdə ABŞ-a qarşı Rusiya, Türkiyə və İran kimi regional güclər durur. Bu üçlük formatı Vaşinqtonu ciddi mənada narahat etməkdədir. 
Onu da nəzərə alaq ki, həll olunmayan çoxlu problemlər var ki, onların başında da məhz Dağlıq Qarabağ problemi dayanır. 25 ildir ki, bu münaqişənin həllilə məşğul olan ATƏT-in Minsk qrupu bacarsa da belə, heç bir vəchlə onu həll etmək istəmir. Yaxud da Azərbaycanın hesabına həll etmək istəyir ki, bu da hər an yeni bir regional savaşın başlanması təhlükəsini yaradır. Bu kontekstdə Azərbaycan və Ermənistanda ciddi silahlanma prosesi baş verir. Həmin müasir silahlar da sadəcə, nümayiş etdirmək üçün alınmır. Münaqişə həll olunmadıqca həmin silahların hər an partlama ehtimalı çox böyükdür. Başlanma ehtimalı böyük olan həmin savaş da təkcə iki dövlət arasında başlanan savaşla məhdudlaşmayacaq. Ermənistanın Rusiya kimi havadarı var. Regional güc olan İran da həmin savaşa sadəcə, müşahidəçi statusunda yanaşmayacaq və prosesə qoşulacaq. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də ona qatılmaq məcburiyyətində qalacaq. 
Belə bir toqquşmanın başlanacağı təqdirdə, o, artıq iki dövlət arasında olan müharibədən böyüyüb, qlobal savaşa çevrilmə təhlükəsilə üzləşəcək. Çünki Türkiyə hər bir halda NATO ölkəsidir. Ayrıca NATO ilə Moskva arasında ciddi qarşıdurma yaşanır. NATO Rusiyanı üzük qaşı kimi əhatəyə aldığından, Moskva ciddi təhlükə hiss edir. Bütün bunların müqabilində üçüncü dünya savaşının baş verməsi təbii ki, an məsələsi ola bilər. Bu, Şimali Koreya-ABŞ, Yaxın Şərqdəki qarşıdurmalar, habelə postsovet məkanında mövcud olan Dağlıq Qarabağ, Ukrayna torpaqlarının Moskva tərəfindən işğalı fonunda yaşanan münaqişələr çərçivəsində də baş verə bilər. Belədə görürük ki, hazırda III Dünya savaşını başlada biləcək səbəblər, münaqişələr çoxdur. Ona görə də bu istiqamətdə verilən təhlillərə haqq qazandırmaq olar. Dünya elə bir təhlükəli həddə gəlib çatıb ki, bir həftə sonraya nisbətdə hər hansı proqnoz verməyin özü belə çətinləşib. Ona görə də III Dünya savaşının nə zaman başlayacağı haqqında konkret proqnoz vermək çətindir. Ancaq bu təhkülə realdır. Bu baxımdan zənn edirəm ki, dünya dövlətləri, xüsusilə qlobal beynəlxalq təşkilatlar təhlükənin sovuşması istiqamətində real olaraq düşünməlidirlər. 
ABŞ kimi hegemon bir ölkədə siyasətdən başı çıxmayan, hansısa maliyyə və qlobal güclərin sifarişilə qərar verə biləcək Donald Tramp kimi şəxsin  adminstrasiyasının mövcudluğu III Dünya savaşının başlanması üçün ən böyük səbəblərdən biridir. Bunu qətiyyən gözardı etmək lazım deyil”. 
Rüfət NADİROĞLU