Dövlət qayğısı pambıq istehsalında yeni dönüş yaradır

20 Dekabr 2017 09:40 (UTC+04:00)

Gələn il təhvil veriləcək xam pambığın alış qiymətləri hər ton üçün 100-110 manat artırılacaq. Belə ki, 2018-ci ildə 1-ci növ pambığın alış qiyməti 600, 2-ci növ 580, 3-cü növ 540, 4-cü növ isə 500 manata alınacaq. Ekspertlərin fikrincə, bu qərar pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsinə səbəb olacaq. Nəticədə  pambıqçılığın inkişafını daha da sürətlənəcək. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin "Maliyyəyə çıxışın asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfində prioritetlərdə əhatə  edilmiş tədbirlərin həyata keçirilməsini sürətləndirmək nəzərdə tutulub: “Buna görə də dövlət başçısı kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə 11 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda bir sıra mühüm məsələlərlə yanaşı, kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması, kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması, kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması kimi vacib müddəalar da yer alıb. 
Son bir neçə ildə dövlətin bilavasitə qayğısı və dəstəyi nəticəsində ölkədə pambıqçılığın inkişafına geniş meydan açılıb. Əgər ötən 2016-cı ildə 51 min hektar sahədə pambıq əkilmişdisə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib.   Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin dekabr ayının 18-ə ölkə üzrə 203 min 199 ton pambıq tədarük olunub və bu prosses davam edir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı”. 
Professor əlavə etdi ki, Azərbaycanda pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunub: “O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib. Bu sahənin sürətli inkişafını təmin etmək üçün Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının Tədbirlər Planının icrasına uyğun olaraq, gələn il təhvil veriləcək xam pambığın alış qiymətləri 1-ci, 3-cü və 4-cü növ pambıq üçün 100 manat, 2-ci növ pambıq üçün isə 110 manat manat artırılacaq. Pambıqçılığın inkişafına dair dövlət proqramı çərçivəsində atılan bu addım istehsalçıların bu sahəyə marağını daha da artıracaq». 
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, pambığın alış qiymətlərinin artırılmasını təşviq tədbiri kimi qiymətləndirmək olar: “Bunun fermerlərə müəyyən faydası olacaq. Ancaq bütövlükdə pambıqçılığı kənd təsərrüfatının ən əhəmiyyətli sahələrindən birinə çevrimək üçün əlavə bir sıra tədbirlərin görülməsinə ehtiyac var. 
Nəzərə alaq ki, pambıqçılıq hava şəraitinə ən çox bağlı olan sahələrdən biridir. Sentyabr ayının son həftəsində başlayan intensiv yağışlara qədər tarlada olan pambığın təxminən yarısı yığılmışdı. Ən keyfiyyətli pambıq isə yağış dəyməyən pambıqdır. Odur ki, pambığın yığılması üçün lazım olan aqrotexniki tədbirlər görülməlidir. Nisbətən tez yetişən pambıq sortlarının sahələrinin genişləndirilməsi həyata keçirilməldir”.
Ekspert əlavə etdi ki, pambıqçılıqda olan problemlər geniş şəkildə təhlil edilməlidir: “Bunun üçün fermerlərlə görüşlər keçirilməlidir. Dövlət proqramının reallaşdırılması üçün belə görüşlərin böyük əhəmiyyəti olacaq. Alış qiymətinin artırılması ilə bərabər, aqrosığortanın da tətbiqi təşviqedici tədbirlərdən biridir. Həmçinin pambıq növlərinin müəyyən edilməsi obyektiv və şəffaf aparılmalıdır”.
Mübariz BAYRAMOV