Mağazalarda təhlükəli reklam-Yetkinlik yaşına çatmayanalara pulsuz təklif edilir

20 Dekabr 2017 11:29 (UTC+04:00)

Siqaretin reklamı qanunla qadağan olsa da, ticarət mərkəzlərində müxtəlif adda siqaretlərin tanıtımı ilə bağlı kampaniyalar aparılır. Bu günlərdə belə bir reklamın ərzaq mağazalarında aparıldığının da şahidi olduq. Son bir həftədir ki, kiçik marketlərdə də siqaretlərin tanıtım kampaniyaları aparılır. Siqaret satışı ilə məşğul olan firmaların nümayəndələri mağazalardan alış-veriş edənlərə dənə ilə pulsuz siqaret təklif  edirlər. Yeni bazara çıxarılmış siqaretlərdən üç qutusunu alan müştərilərə isə bir qutu siqaretin hədiyyə verildiyini bildirirlər. Ən təhlükəisi isə siqaretin tanıtım kampaniyasını aparan firma nümayəndələrinin müştərilərin yaş kateqoriyasına məhəl qoymamasıdır. Mağazada olarkən, yeniyetmə gənclərə də siqaret təklif edildiyinin şahidi olduq. Siqaretlərin səyyar tanıtım kampaniyasını aparan firma nümayəndələri təmsil etdikləri şirkətin adını açıqlamasalar da, mağazaya mal verdiklərini, bu səbəbdən də ticarət obyektində reklam aparmaq üçün onlara icazə verildiyini bildirdilər. Qeyd edək ki, siqaretin səyyar reklamını aparan gənc xanımlar marketlərdə kassaya yaxın bir yerdə dayanaraq alış-veriş edən hər kişi müştəriyə reklam etdikləri firmanın siqaretlərini hədiyyə edirlər. Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev ölkə qanunvericiliyi ilə siqaretin reklamının, təbliğinin qanunla qadağan olunduğunu söyləyir. Həmsöbhətimiz deyir ki, qanuna görə siqaretin tanıtım kampaniyasını aparmaq da yasaqdır: “Reklam Haqqında” qanunun 28-ci maddəsində  tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı ilə bağlı bənd var. Orada qeyd olunub ki, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Həmçinin “Tütün və tütün məmulatı haqqında” qanuna əsasən, tütün məmulatının satışında həvəsləndirmə üsullarına məhdudiyyətlər var. Burada da qeyd olunur ki, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıları həvəsləndirməsi qadağan edilir”.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti onu da bildirdi ki, heç bir halda siqareti reklam etmək olmaz: “Hətta mağazalarda alış-verişdən sonra alışqanın, yaxud siqaretin verilməsi də qanuna ziddir. Qanunla siqaret çəkməyə həvəsləndirən məmulatların hədiyyə kimi verilməsi, elə tütün məmulatlarının reklamı deməkdir”.
H. Atakişiyev deyir ki, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxs yaradılıb: “İndi bu məsələlərə Dövlət Reklam Agentliyi nəzarət edir. Vətəndaşlar da bu məsələdə fəal olmalıdırlar. Əgər hansısa mağazada siqaretin tanıtım kampaniyası aparılırsa, bu barədə dərhal həmin Agentliyə məlumat vermək lazımdır.  Aidiyyəti qurumlar buna fikir verməlidirlər. Qanunu pozduqlarına görə, həmin şirkət təmsilçiləri cərimə olunmalıdırlar. Çünki bu, dükanlarda aşkarcasına siqaretin reklamını aparmaqdır”.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da bu cür faktlara son vaxtlar tez-tez rast gəlindiyini söyləyir. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub: “Bu konvensiyanın tələblərinə görə  də, tütünün satışını stimullaşdırmaq qadağandır. Əgər mağazada siqaret bir ədəd də olsa Onların pulsuz paylanırsa, hər hansı ərzaq məhsulu alan şəxslərə alış-verişdən sonra hədiyyə kimi alışqan, yaxud elə siqaretin özü verilirsə, bu siqaretin reklamı hesab olunur. Sözsüz ki, mağaza sahibləri həmin firmaların nümayəndələrinə siqaretin reklamı üçün şərait yaradırlar. Qəbul edilən “Tütün və tütün məmulatları” haqqında qanun da siqaretin istənilən formada reklamını qadağan edir. Amma buna baxmayaraq, tütün məmulatlarının stimullaşdırılması üçün işlər görülür. Xarici ölkələrdə siqaretə dadverici məmulatların qatılması da onun reklamına yönəlik tədbir hesab olunur. Elə ölkələr var ki, siqaretin cəlbedici qutularda satışına qadağa qoyurlar. Çünki, siqaret biznesi ilə məşğul olanlar bu cür yenilikləri siqaretin cəlbedici olması, bazarda rəqabətə davamlı olması məqsədilə edirlər. Bu gün mavi ekranda da çox təəssüf ki, siqaretin çəkildiyini əks etdirən görüntülər yayılır. Son vaxtlar seriallarda buna daha çox rast gəlinir. Bütün bunların arxasında da siqaretin hər hansı formada reklamına çalışan biznes maraqları dayanır. Bu gün küçədə, mağazalarda siqaretin pulsuz təklif edilməsi, hədiyyə verilməsi olduqca təhlükəlidir. Çünki, mağazadan alış-veriş edənlər arasında yetkinlik yaşına çatmayanlar, yeniyetmələr də var. Biz bir tərəfdən siqaretin yetkinlik yaşına çatmayanlara satışına qanunla qadağa qoyur, digər tərəfdən isə azyaşlılara siqaretin pulsuz verilməsinə şərait yaradırıq. Bu qanunla yolverilməzdir. Aidiyyatı qurumlar bu cür səyyar reklamların, tanıtım kampaniyalarının qarşısını almalıdırlar. Hətta siqaretin reklamına şərait yaradan sahibkarlar da cərimələnməlidir”.

Zülfiyyə QULUYEVA