Azərbaycan Prezidenti Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib - YENİLƏNİB

20 Dekabr 2017 11:39 (UTC+04:00)

 Malkolm Honlayn Prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırladı. Qonaq Bakıya hər dəfə gəldikdə burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynın bu tədbirdə iştirakının önəmini vurğuladı, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkəmizdə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edildi, Bakının artıq beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyi vurğulandı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

*** 11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.