Böyük Britaniyada Novruz bayramı ilə bağlı tədbir keçirilib

15 Mart 2013 14:25 (UTC+04:00)


Şeffild Azərbaycan Cəmiyyəti və Britaniyanın Qazaxıstan cəmiyyəti Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirib. Şeffild Azərbaycan Cəmiyyətinin rəhbəri Cavid Məmmədzadənin və Qazaxıstan cəmiyyətinin rəhbəri Aygerim Abdiorazovun təşəbbüsü gerçəkləşdirilmiş mərasimdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər. 


Tədbirdə qonaqlara Azərbaycan və Qazaxıstanın şirniyyatı təqdim olunub. Eyni zamanda hər iki ölkənin mədəniyyət və incəsənət sahəsindəki maraqlı proqramlarının nümayişi həyata keçirilib. Müxtəlif video-çarxlarda Novruzun Azərbaycan və Qazaxıstanda qeyd edilməsini əks etdirən dəyərli nümunələr yer alıb, iştirakçılara müqəddəs bayramın ənənələri və tarixi keçmişinə dair məlumatlar verilib. 



Şeffild Azərbaycan Cəmiyyəti tədbirin təşkilində göstərdiyi köməyə görə Avropa Azərbaycanlıları Cəmiyyətinə təşəkkürünü bildirir.