Rusiya-Azərbaycan dostluğunun Həştərxan qolu dərinləşir

21 Dekabr 2017 10:00 (UTC+04:00)

Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanla Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur: “Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək”. Azərbaycan ilə Rusiya arasında tarixi köklərə söykənən müasir dostluq münasibətlərinin yaranması çox əvvələ gedib çıxır. Hələ sovet dövründən Bakının Nərimanov rayonu ilə Həştərxan şəhəri rasında xüsusi iqtisadi-ticari əlaqələr mövcud olub. Müstəqillik illərində bu əlaqələr daha da güclənib. 

Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilərək istifadəyə verilib. Həmçinin “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb və “Meçta” uşaq əyləncə şəhərciyi salınıb və uşaq kafesi istifadəyə verilib.  
Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin səviyyəsi nə qədər geniş olsa da resurslar kifayət qədərdir. Hazırda vilayətdən Azərbaycana məhdud çeşiddə mallar – gəmiqayırma məhsulları, portlandsement, balıq və un məhsulları ixrac olunur. Əks istiqamətdə Azərbaycandan qara metaldan hazırlanmış məmulatlar, balıq məhsulu və nəqliyyat vasitələri göndərilir. Bu ilin 11 ayının yekunlarına görə, Həştərxan vilayətinin Azərbaycanla ticarətində bütün göstəricilər üzrə artım qeydə alınıb. Ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 4 dəfə artaraq 16 milyon dollara çatıb. 
Həştərxan biznes mərkəzi işə başlayandan sonra yeni resursların açarı rolunu oynayacaq. Çünki, bu vilayətlə qurulmuş əlaqələrin spektri çox rəngarəngdir. Mərkəzin layihəsində bu əhatəlilik nəzərə alınıb. Belə ki, beş min kvadratmetrlik sahəyə malik beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans, fitnes zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel fəaliyyət göstərəcək. 
Eyni zamanda Həştərxanda da Azərbaycan biznes mərkəzi inşa olunur. Bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. İndi ölkəmizin qeyri-neft sektoru inkişaf sürətinə görə iqtisadiyyatın ön cərgəsində qərarlaşıb. “Azərbaycan brendi” ilə məhsullarımız dünyanın iri ticarət şəbəkələrinə ayaq açır. Başlıcası Azərbaycan məhsulları keyfiyyətinə, ekoloji saflığına görə sevilir və qəbul edilir. 
Xəzərin sahilində yerləşən şəhərlə Azərbaycan arasında nəqliyyat problemi yoxdur. Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması ilə gediş-gəlişi ən yüksək həddə yüksəltmək imkanı yaranacaq.
Rusiyanın bu şəhərinin səylə Azərbaycana can atmasının daha böyük məqsədləri var. Azərbaycanın regional liderliyinə tezliklə paytaxt Bakının beynəlxalq turizm və biznes mərkəzi olması da əlavə olunacaq. Yəni, ölkəmizdə gedən inkişaf prosesinin istiqaməti bu məqsədi hədəfləyib. Ölkəmizin indiyədək qazandığı uğurlar yaxın gələcəkdə bu zirvənin fəth ediləcəyinə  şəhadət verir. İndi Bakıdan Avropanın cənubuna, Ön Asiyaya, Ərəb dünyasına geniş ticarət pəncərələri açılır. Təbii ki, rusiyalı iş adamları adı çəkilən coğrafi məkanlarda fəaliyyətlərini Bakıdan daha yaxşı idarə edə bilərlər. Bu mənada Həştərxan biznes mərkəzinin yaxın gələcəkdə qaynar iş ocağına çevriləcəyini indidən söyləmək olar. Nəticə etibarilə bu mərkəz iki ölkənin iqtisadi fəaliyyət mərkəzi kimi daim diqqət mərkəzində olacaq.
N.NOVRUZ