Xalqdan anti-Azərbaycan qüvvələrə sərt mesaj

22 Dekabr 2017 07:00 (UTC+04:00)

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb.  Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini dəyərləndirən respondentlərin 91,4%-i ölkə Prezindentinin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bildiriblər. Siyasilərin fikrincə, bu nəticə Azərbaycan seçicisinin ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməsi deməkdir. Eyni zamanda müəyyən radikal-müxalifət də daxil olmaqla, müəyyən anti-Azərbaycan dairələrə mesaj xarakteri daşıyır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, burada müəyyən qüvvələrə mesaj var: “Bu, Azərbaycanı sevməyən, ölkəmizin beynəlxalq nüfuzunun artmasını qısqanclıqla qarşılayan bütün qüvvələrə açıq mesaj kimi qəbul olunmalıdır. Nəzərə alaq ki, bu sorğu bundan öncə beynəlxalq maliyyə institutlarının Azərbaycanda keçirdiyi sorğularla üst-üstə düşür. Deməli, Azərbaycan ictimaiyyəti ölkənin gələcəyinə ümidlə, şəxsi həyatları ilə bağlı məsələlərə nikbin baxır. Bu da Azərbaycanda həyata keçirilən layihələrlə bağlıdır. Azərbaycan xalqının ölkənin ikinkişafına və gələcək perspektivinə ümidlə baxmasının nəticəsidir. 
Ən əsası, ölkə ictimaiyyətinin ölkə Prezidentinə olan etimadı və inamı ilə bağlı olan məsələdir. Təkcə 2017-ci il ərzində atılan addımları nəzərə alsaq, münasibətin hansı məqamlardan qaynaqlandığının şahidi olarıq. Belə ki, bu illər ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb. Azərbaycan enerji və nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Bu gün dünyadakı bir sıra mühüm proseslər Azərbaycanda müzakirə olunur. Artıq ölkəmiz beynəlxalq dialoq platformasına çevrilib. Azərbaycanda mühüm idman tədbirləri keçirilir. 2017-ci ildə “Əsrin müqaviləsi”nin uzadılması ilə bağlı qəbul olunan qərar, 40 milyard dollarlıq investisiyanın Azərbaycanın neft sənayesinə yatırılması, Bakı-Tiflis-Qars layihəsinin həyata keçirilməsi, layihə çərçivəsində Cənub-Şərq, Şimal-Cənub layihələrinin Azərbaycandan keçən hissəsinin daha önəmli marşruta çevrilməsi, dövlət idarəçiliyində atılan addımlar Azərbaycan cəmiyyətinin hakimiyyətə qarşı real münasibətini ortaya qoya bilib.  Növbəti ildə də bu cür sorğular keçiriləcəksə, böyük ehtimalla nəticələr dəyişəməyəcək. Azərbaycan cəmiyyəti  ölkəmizdə həyata keçirilən işlərin ardıcıl və konseptual xarakter daşıdığını görür”.
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, bu rəqəmlər heç kimi təəccübləndirməyib: “Azərbaycandakı ümumi mənzərə onu təsdiqləyir ki, Prezident İlham Əliyev bütün siyasi qüvvələr arasında özünün məşhurluğu, xalqdan aldığı dəstəyi ilə fərqlənir. Hazırda bu dəstək ən yüksək səviyyədədir. Ona görə də istənilən sorğuda Prezident İlham Əliyev bütün qüvvələrdən öndə olur. 
Söhbət ondan gedir ki, Azərbaycan xalqı ətrafda, daxildə və xaricdə baş verənləri yaxından izləyir. İzlədikcə də o qənaətə gəlirlər ki, Azərbaycan üçün ən uğurlu, ən güvənilə biləcək lider məhz İlham Əliyevdir. Ona görə də sorğunun nəticələri heç kimi təəccübləndirməməlidir. Bir daha əmin olmalıyıq ki, siyasi lider seçimində zamanında ən doğru qərarı vermişik. Bu gün o qərar özünü doğrultmaqdadır. Bütün bunlar təbii rəqəmlər kimi qəbul edilməldir. Bu rəqəmlər həm daxildə, həm də xaricdə Prezident İlham Əliyevi sevməyən insanlara mesaj olmalıdır. Bu gün Azərbaycan xalqı ilə Prezidenti birlikdədir. Sorğu ilə Azərbaycan xalqı bir daha öz dəstəyini təsdiq etdi. Xalqla hakimiyyətin arasına girmək istəyən qüvvələr bundan öz mesajını götürməlidirlər”.
Mübariz BAYRAMOV