ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağrılır

22 Dekabr 2017 08:00 (UTC+04:00)

 Amerikalı ekspert Raul Louri Kontreras bildirir ki, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: "Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaqlar". Kontrerasın dediyi kimi ABŞ-ın Ermənistana sanksiyalar tətbiq etməsi mümkündürmü? Nəzərə alaq ki, son dövrlərdə ABŞ-da bu qəbildən olan çağırışlar artır.

Politoloq Elşən Mustafayev indilikdə Ağ Evin işğalçı Ermənistana sanksiyalar tətbiq edəcəyini gözləmir: “Vaşinqtonun Ermənistana sanksiyalar tətbiq edəcəyini gözləmirəm. Bu mənada amerikalı ekspert Kontrerasın ABŞ Ermənistana sanksiyalar tətbiq etməlidir sözləri onun şəxsi fikri, istəyidir. 
Ümumiyyətlə, ABŞ-ın Ermənistana sanksiyalar tətbiq etməsinə  erməni lobbisi buna imkan verməz. İkincisi, ABŞ Ermənistana sanksiya tətbiq etməklə nə əldə edəcək? Çünki burada Rusiya faktoru var. Rusiya faktiki olaraq, Ermənistanın iqtisadi, siyasi və hərbi cəhətdən bütün sahələrini monopoliyaya alıb. İşğalçı ölkənin bütün iqtisadiyyatı Rusiyanın əlindədir. Ermənistan hərbi cəhətdən də tamamilə Moskva ilə bağlıdır. Hətta siyasi hakimiyyəti belə birbaşa Kremldən asılıdır, onun göstərişlərilə oturub durur. 
Ermənistanın Avropa İttifaqı ilə imzaladığı məlum razılaşma da birmənalı olaraq Moskvanın razılığından sonra baş tutub. Çünki Ermənistan özbaşına olaraq buna gedərdisə, birmənalı olaraq Moskva tərəfindən cəzalandırılacaqdı. Eyni zamanda, bu günə qədər ABŞ tərəfindən Ermənistana münasibətdə hər hansı bir irad və etiraz bildirilməyib. Əksinə, Azərbaycan ərazisi işğal olunsa, bunun nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaransa da, Vaşinqton ölkəmizə qarşı vaxtilə «907-ci düzəliş»i qəbul edib. Hansı ki, bu günə qədər həmin düzəliş ləğv olunmayıb, sadəcə dondurulub. 
İrəvan BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni bu günə qədər icra etmir və bu fonda da işğal faktoru qalmaqdadır. Lakin buna baxmayaraq, ABŞ başda olmaqla digər dövlətlər həmin qətnaməni yerinə yetirmək üçün Ermənistana hər hansı bir təsir və yaxud təzyiq göstərməyiblər. Bu qərarın icra olunmamasına görə sanksiya tətbiq olunmayıbsa, bundan sonra da olacağını düşünmürəm”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin isə fikrincə, ABŞ-dan olan ekspert və digərlərinin «Vaşinqton Ermənistana sanksiyalar tətbiq etməlidir» barədə səsləndirdikləri çağırışları Amerika ictimai rəyinə təsir etmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Həqiqətən də ABŞ-ın özündə belə Ermənistana snksiyalat tətbiq edilməsi istiqamətində çağırışlar az da olsa intensivləşib. Bir müddət əvvəl Amerikanın bir neçə nüfuzlu nəşrlərində regiondakı geosiyasi proseslərdə Azərbaycanın əhəmiyyətinin ABŞ-ın özü üçün də əhəmiyyətli olduğu qiymətli arqumentlər gətirilməklə əsaslandırıldı. Buradan çıxan nəticə o oldu ki, belə bir əhəmiyyətli dövlət ərazilərinin bir hissəsinin işğalı ilə üz-üzədir və bu işğalın aradan qaldırılması üçün göstərilən bütün səylər hələlik nəticə vermir. Bütövlükdə bu vəziyyət Azərbaycanın dünya ilə əməkdaşlıq və inteqrasiyasına daha böyük töhfələr verməsi yolunda ciddi əngəldir. 
Digər tərəfdən də deyilirdi ki, burada haqlı olan tərəf Azərbaycandır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Amma dünyadakı böyük güclər, prosesin nizamlanmasını qarşıya məqsəd qoyan üçlük ya real iş görmür, ya da görmək istəmirlər. ABŞ-da nəşr olunan həmin yazılarda Ağ Evin yeni adminstrasiyasından mövcud situasiyaya real baxmaq tövsiyə olunurdu. Amerika nəşrlərində bu tip yazılar yer alırsa, bunun özü də əhəmiyyətlidir. Əvvəllər azərbaycan əsilli Amerika vətəndaşları tərəfindən bu səpkidə yazıların yazıldığını görürdük. İndi isə həmin səpkidə olan yazıların sayı artır. 
İkinci bir tərəfdən, ABŞ-da hakimiyyət dəyişikliyi faktoru da var. Məsələyə həmçinin, Respublikaçılar bu konfliktlərə əvvəlki hakimiyyətlə müqayisədə bir qədər fərqli baxa bilər, prizmasından yanaşanlara rast gəlmək olar. Amma orada erməni lobbisi və onların havadarları güclüdür. Onlar adminstrasiya, Konqres, Dövlət Departamenti və mətbuatla ciddi iş aparır.  Son dövrlər Azərbaycan tərəfindən də həmin istiqamətdə əvvəllər görülməyən işlər indi görülməkdədir. Hər bir halda ABŞ mətbuatında Vaşinqtonun Ermənistana sanksiyalar tətbiq etməli olduğu barədə səslənən fikirləri əhəmiyyətli hesab edirəm. 
Bu amil Amerika ictimai rəyinə təsir mənasında əhəmiyyətli çağırışlardan biridir. Lakin ABŞ-dakı siyasi hakimiyyətin xarakterini bilənlərə məlumdur ki, bu ölkənin xarici siyasətində təkbaşına diqqət çəkəcək dəyişikliklər etmək mümkünsüzdür. Bəzən qərar qəbul etməli olan siyasi rəhbərlər  daxili təsəvvürlər, seçicilərdən asılılığa görə etməli olduqları işi etmirlər. Bu da bir reallıqdır. Hər bir halda bu kimi yazıların sayının çox olmasını istərdim. Çünki ictimai rəyə təsir mənasında həmin yazıların sayının çox olmasının əhəmiyyəti daha böyükdür”.
Rüfət NADİROĞLU