Aqrar sektorda innovativ texnologiyaların tətbiq səviyyəsi məqbul sayılmadı

22 Dekabr 2017 09:00 (UTC+04:00)

Aqrar sektorda innovativ texnologiyaların tətbiqi diqqət mərkəzində olsa da hələ kifayət qədər geniş yayılmayıb. Halbuki, innovativ iqtisadiyyatda kənd təsərrüfatının modernləşdirilməsi ən vacib məsələlərdən biridir. Təcrübə göstərir ki, məhz innovativ texnologiyanın tətbiqi əsasında yüksək və daha keyfiyyətli məhsul əldə etmək mümkündür. 

Aqrar sahədə dinamik tərəqqi üçün sektorda innovativ texnologiyanın tətbiqi vacibdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, mütləq çoxluq təşkil edən ailə təsərrüfatlarının maddi-texniki baxımdan zəif olması və kooperasiyalara marağın azlığı, məlumatsızlıq aqrar sahədə innovativ texnologiyalardan istifadə imkanlarının məhdud olmasına gətirib çıxarıb: “Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyanın zəif tətbiq edilməsinin səbəbləri çoxdur. Ölkədə aqrar sektorra fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 97 faizi ailə təsərrüfatlarıdır. Ailə təsərrüfatlarının maddi-texniki imkanları isə zəifdir. Onların maliyyə əlçatanlığı aşağıdır. 
Eyni zamanda, təsərrüfatların miqyası da çox kiçikdir. Bütün bunlar isə ailə təsərrüfatlarının öz fəaliyyətlərində innovativ texnologiyadan istifadə imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, Azərbaycanda kooperasiyalar zəif inkişaf edib. Kooperasiyaların zəif olması da qeyd edilən problemlərin aradan qaldırılmasını çətinləşdirir. İmkan və güclərin birləşdirilməsi, eyni zamanda mənfəət normasının yüksəldilməsi təcrübənin paylaşmasına imkan yaradır. Lakin bu istiqamət Azərbaycanda zəif inkişaf etdiyindən aqrar sektorda innovasiyaların tətbiq edilməsi imkanları məhdudlaşır. Həmçinin, məlumatsızlıq və mütəxəssis çatışmamazlığını, bir sıra hallarda təsərrüfat fəaliyyətilə məşğul olanların kortəbii üsullardan istifadə edərək fəaliyyət göstərmələrini də müşahidə edirik. Ona görə də bu istiqamətdə məlumatlandırılmanın artırılmasına, innovativ texnologiyadan istifadənin daha geniş uğurlara gətirib çıxaracağına fermerləri inandırmağa ehtiyac vardır. Kooperasiya haqqında qanun qəbul olunub. Amma təəssüf ki, təsərrüfat sahibləri hələlik kooperasiyalarda birləşməyə ciddi meyl etmir. Burada məsuliyyət bölgüsü, işin, gəlirlərin paylaşılması sahəsində, əvvəlki illərin mənfi təcrübəsilə bağlı problemlər var. Dövlətin dəstəyilə innovasiya texnologiyalarının ölkəyə gətirilməsi istiqamətində imkanlar artırılıb. Buna baxmayaraq, kadr hazırlığı sahəsində də problemlər yaşanır ki, onun da aradan qaldırılması vacibdir”.   
Rüfət NADİROĞIU