Azərbaycanın seçdiyi uğurlu əlaqələr formatının daha biri gündəmə gəlir

22 Dekabr 2017 09:30 (UTC+04:00)

Bu günlərdə Bakıda baş tutan Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü regionun üç mühüm dövlətinin birgə fəaliyyəti üçün geniş imkanların olduğunu bir daha təsdiqləyib. Bu, sayca beşinci görüş olmaqla əlaqələrin getdikcə intensivləşdiyini sübut edən göstəricidir. Bu ölkələr arasında milli, dini, siyasi və iqtisadi münasibətlərin tarixiliyi onların yeni ampluada əlaqələr qurmasının başlıca şərtlərindəndir. 

Dünya siyasi müstəvisində “tək əldən səs çıxmadığı” prinsipi indi regional birlik formatlarının yaranmasını zəruriləşdirib. Əslində, qloballaşma prosesinin ən səmərli yolu dövlətlər arasında üçlük formatının təsbitindən gedir. Daha sonrakı mərhələlərdə bu formatlar təkmilləşərək daha geniş tərkibdə çoxtərəfli formatlara əsas yaradar. 
Üç region ölkəsinin xarici işlər nazirinin Bakı görüşü məhsuldarlığı və müzakirə mövzularının genişliyi ilə diqqəti cəlb edir. Müzakirələrin nəticəsi kimi qəbul edilmiş Bəyannamədə  nazirlər regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər. Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd olunub. Sənəddə  sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlar xüsusi vurğulanmaqla bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəlikləri qeyd edilib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha vurğulanıb. Bu müddəalar regional siyasətdə, ələlxüsus Ermənistanın Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması yolunda irəliləyişin ola biləcəyinə ümid yaradır. Çünki, təcavüzkar Ermənistan bu üç ölkənin ortaslnda yerləşir və istəyib-istəməməsindən asılı olmayaraq coğrafi baxımdan onlardan asılı vəziyyətdədir. Əgər yekdil fikir ifadə olunsa, İrəvan hakimiyyəti çətin ki, əksinə hərəkət edə bilsin. Bu məsələdə Türkiyənin mövqeyi aydındır. İran da mövqeyini dəqiqləşdirsə, regionda sülhün və təhlükəsizliyin təminatına böyük töhfə vermiş olacaq. 
Bakı görüşündə imzalanmış sənədin müddəalarından biri müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimadın yaradılması konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələr aparılması üçün razılıq əldə olunub. Göründüyü kimi Azərbaycan, Türkiyə və İran arasında bir-birinə inam və etibar getdikcə güclənir deyə beynəlxalq səylərin uzlaşdırılması artıq problem deyil. Bu müddənın Azərbaycan üçün də əhəmiyyəti böyükdür. Çünki, Qarabağın işğaldan azad olunması bir çox ölkələr üçün xarici siyasətin predmetinə çevrilib və buna görə də BMT və digər bu kimi təşkilatlarda münaqişəsin tez-tez müzakirəsi gedir. İşğal faktının mahiyyətini daha yaxşı qavrayan qonşu dövlətlərin Azərbaycanın mövqeyini dəstəkləməsinə ehtiyac var. 
Beləliklə, Azərbaycan-Türkiyə-İran üçlük formatının rəsmi sənədlə təsbit edilməsinə doğu növbəti addım atılıb və bu baş verəcəyi təqdirdə ölkəmiz regional tərəfdaşlıq proqramının başa çatdırılmasına daha da yaxınlaşacaq.
N.NOVRUZ