İqtisadi islahatların nəticələri beynəlxalq miqyasda da yüksəkqiymətləndirilir

22 Dekabr 2017 09:40 (UTC+04:00)

“Son bir həftə ərzində Dünya Bankı, eləcə də Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanda aparılan iqtisadi islahatlar yüksək qiymətləndirilib və sözügedən islahatların artıq real nəticələr verdiyi qeyd olunub”.  Bu sözləri jurnalistlərə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Hər iki mötəbər qurumun rəyinə görə, 2017-ci il Azərbaycanda iqtisadi islahatlar nəticəsində sabitləşdirici il olub. Belə ki, respublikanın qeyri-neft iqtisadiyyatı sahəsində 2 faiz, kənd təsərrüfatında isə 4 faiz artıma nail olunub. Ölkənin valyuta ehtiyatları kəskin şəkildə artıb, milli valyutanın sabitliyi təmin edilib.

Qlobal maliyyə təşkilatlarının Azərbaycan iqtisadiyyatının vəziyyəti barədə açıqlamaları real nəticənin göstəricisidir. Bu fakt onu sübut edir ki, Prezident İlham Əliyevin iqtisadi siyasəti dolğun və əhatəli, o cümlədən hazırkı iqtisadi çətinliklər fonunda atılan yeganə doğru addımdır. Neft qiymətlərinin yüksək olduğu dövrdə bu eyforiyaya qapılmadan bu günü və sabahı düşünərək neft kapitalının səylə insan kapitalına çevrilməsi siyasəti bu gün öz səmərəsini bütün müsbət çalarları ilə göstərir. Bu faktora ölkədə sahibkarlığın genişlənməsi üçün əlverişli şərtlərin yaradılmasını, sahibkarlara güzəştli kreditlərin verilməsini, əsassız yoxlamaların aradan qaldırılmasını, ixrac potensialını meydana çıxarmaq üçün xüsusi təşviq proqramının həyata keçirilməsini də əlavə etsək, beynəlxalq təşkilatların dəyərləndirmələri daha yaxşı anlaşılar.
Məsələ burasındadır ki, beynəlxalq təşkilatlar gələn il Azərbaycanda 2 faizlik iqtisadi artım proqnozlaşdırır. Ümumilikdə isə qeyri-neft sektorunda 4 faiz artım gözlənilir ki, ekspertlərin fikrincə, bu, yüksək göstəricidir. Hətta bu, neft gəlirlərinin azalması fonunda baş versə də Azərbaycanda davamlı inkişafın təmin edilməsinin bariz nümunəsidir.
Vüsal Qasımlı qazanılmış nailiyyətləri və bu faktın dünyada diqqəti cəlb etməsinin bir meyarının da qabaqcıl texnologiyalardan Azərbaycanda geniş istifadə edilməsini göstərir: “Dördüncü sənaye inqilabı şəraitində big data, əşyaların interneti, 3D printer, kvant hesablamaları, həmçinin bio, nano və koqnitiv texnologiyalar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu çağırışlara cavab vermək üçün Prezident İlham Əliyev qeyd etdiyi kimi insan kapitalını inkişaf etdirir, infrastrukturu yaxşılaşdırır və islahatları davam etdirir. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu dövlət başçısının rəhbərliyi ilə aparılan yeni nəsil islahatların müsbət nəticələr verdiyini qeyd edirlər. Bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Beləliklə, 2017-ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək”.
Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun birgə müsbət rəyi deməyə əsas verir ki, dünya iqtisadi böhranını vaxtında və səmərəli tədbirlər vasitəsilə önləməklə Azərbaycan fövqəladə situasiyalar üçün özünəməxsus model yaradıb və tətbiq edib. Mümkündür ki, bir çox sahələrdə, məsələn, korrupsiyaya qarşı mübarizədə “ASAN Xidmət”, əhalinin məşğulluğunu artırmaq üçün “ABAD” və sairə layihələr kimi bu model də beynəlxalq təşkilatlar tərəfindən təqdir edilərək digər ölkələrdə tətbiq edilməsi məsləhət görülsün.
N.NOVRUZ