Zirzəmisi su ilə dolmuş binalar

23 Dekabr 2017 07:00 (UTC+04:00)

Respublika Gigiyena və Epideimologiya Mərkəzi tərəfindən hər il yaşayış binaların zirzəmələrində epidemioloji araşdırmalar aparılır. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, zirzəmilərə sular kommunikasiya xətlərinin nasazlığından, qurunt sularından, bir qismi isə qarışıq sulardan daxil olur: "Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb”. 

Qeyd edək ki, sözügedən problem yeni deyil. Şəhər sakinlərindən də zaman-zaman bu barədə şikayətlər daxil olur. Mütəxəssislər bildirirlər ki, bunun epidemoloji təhlükəsi ilə bərabər binalara texniki təhlükə də yaradır. Çıxış yolu isə su xətlərinin yenilənməsi və zirzəmilərin icarə verilməsində görülür.
Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, burada söhbət Sovetlər dönəmində istifadəyə verilən binalardan gedir: “İndi isə tikinti prosesi zamanı yeni texnoloji avadanlıqlardan istifadə olunur. Hazırda 100 il istismar müddəti olan borular var. Ancaq Sovetlər dönəmində yüksək səviyyəli avadanlıqlardan istifadə olunmurdu. O vaxtı əsasən dəmir borulardan istifadə edilirdi ki, onların da plastik borulara nisbətən az ömrü olur. 
Dəmir borular daha tez korroziyaya uğrayır. Həmin borular istismar müddətini çoxdan başa vurublar. Bunun nəticəsidir ki, zirzəmiləri su basır, qəza halları baş verir”.
Ekspert əlavə etdi ki, problemin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirmək olar: “Artlq “Xruşşovka” adlanan köhnə binaların sökülməsi ilə bağlı qərar var. Onların yerində yeni binalar tikiləcəksə, mütləq yeni texnoloji avadanlıqlar tətbiq olunmalıdır. Söhbət “Leninqrad” layihələrindən gedirsə, başqa tədbirlər həyata keçirmək olar. Məsələn, bina tamamilə sakinlərin mülkiyyətinə verilibsə, qəzaları sakinlərin özləri aradan qaldırmalıdırlar. Yox, əgər bina bələdiyyə mülkiyyətinə verilibsə, problemi onlar həll etməlidirlər. Bunun üçün də ilk növbədə köhnələr yeni avadanlıqlarla əvəz olunmalıdır. Yəni, problemin kökündə əsasən su-kanalizasiya sistemlərinin köhnə olması durur. Ancaq qurunt sularının səviyyəsinin qalxması da buna səbəb ola bilər. Əslində, GEM-in yanaşması gigiyenik nöqteyi nəzərindəndir”.
İlqar Hüseynli onu da vurğuladı ki, zirzəmilərin icarəyə verilməsi, insanlara satılması mümkün haldır: “Lakin zirzəmilərin strateji əhəmiyyəti var. Zirzəmilər sığınacaq məqsədi üçün nəzərdə tutulur. Odur ki, icarə verilən zaman orada rekonstruksiya işləri aparılarkən fövqəladə hallar üçün nəzərdə tutulmuş standartlar qorunub saxlanılmalıdır”.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, problemi binanın nəzdində olduğu qurum həll etməlidir: “Yəni, konkret təklif vermək çətindir. Ümumiyyətlə, bu məsələyə Fövqəladə Hallar Nazirliyinin nəzarəti var. Zirzəmənilər strateji obyekt olduğundan məsələyə kompleks yanaşmaq lazımdır. Həmçinin dövlətin bununla bağlı sərəncamı da olmalıdır. Bu məsələdə binalara fərdi yox, kompleks şəkildə yanaşılmalıdır”.
Ekspert əlavə etdi ki, suyun zirzəmiyə dolması bina üçün hərtərəfli təhlükə yaradır: “Bu halda yenə də yük dövlətin üzərinə düşür. O baxımdan bu cür mənzərələrin yaranmaması üçün məkan istifadə edilməlidir. Məsələn, zirzəminlərin təmiz saxlanılması baxımından icarəyə vermək olar. Amma bu da müəyyən şərtlər daxilində həyata keçirilməlidir. Nəzər alaq ki, zirzəmilər həm də strateji əhəmiyyətlidir və sığınacaq kimi istifadə edilir”.