Avropa İttifaqı Ermənistana qarşı sanksiyalar tətbiq edəcək?!

23 Dekabr 2017 08:00 (UTC+04:00)

Avropa İttifaqının ötən ay Brüsseldə baş tutan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində qəbul olunan birgə bəyannamədə "Şərq tərəfdaşlığı"nın bütün dövlətlərinin, o cümlədən də Azərbaycanın  ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Bunun ardınca da Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair yeni hesabatında yenidən bu məsəəlyə toxunulub. 

Burada bir daha vurğulanır ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir. Avropa İttifaqının biri-birinin ardınca qəbul etdyi sənədlərdə Azərbaycana verilən bu dəstək nədən qaynaqlanır və ölkəmizə Qarabağ məsələsində hansı üstünlüklər vəd edir?
Politoloq Elşən Manafovun fikrincə, Azərbaycan atdığı ardıcıl addımları ilə Avropa İttifaqının etimadını qazandığından, qurum da öz növbəsində ölkəmizə dəstək olur: “Düşünürəm ki, Azərbaycan beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı qarşısında üzərinə götürdüyü öhdəlikləri zaman-zaman ardıcıllıqla həyata keçirir. Bu səpkidən çıxış edərək Azərbaycan respublikası dövlət idarəçiliyi, məhkəmə sistemi, hüquqi dövlət quruculuğu, həm də vətəndaş institutlarının formalaşmasında nəzərdə tutulan islahatları da ardıcıllıqla həyata keçirir. Bu mənada da təbii ki, Avropa İttifaqının etimadını qazanıb. 
Bundan əlavə Aİ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edərkən ölkəmizin geostrateji mövqeyi, ən əsası da Bakının quruma üzv dövlətlərin enerjiyə, xüsusən də qaza olan tələbatında oynayacağı rolu və perspektiv imkanlarımızı nəzərə alıb. Bildiyiniz kimi, Aİ zaman-zaman Rusiyanın qaz şantajından, neft-qaz sahəsində yaşanan problemlərdən əziyyət çəkir. Bu gün Aİ ölkələrinn Rusiyadan enerji asılılığı hardasa 35 faiz civarındadır. Aydın məsələdir ki, bu mənada qurum ölkələri Rusiyadan olan bu asılılığı heçə endirməyə çalışırlar. Qurum Azərbahcan kimi ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verirlər. 
Bundan əlavə, Azərbaycan müsəlman dünyasına etalon və nümunə ola biləcək bir dövlətdir. Bu gün Aİ-yə üzv dövlətlərin bəzilərində ittifaqın zamanında qəbul etdiyi tolerantlıq dəyərlərinə münasibətin dəyişməsinə baxmayaraq, Azərbaycanın tolerantlıq, dözümlülük prinsiplərinə sadiq qalması, cəmiyyətimizdə plüralizm ənənələrinin gözlənilməsi təbii ki, sözügedən təşkilatın ölkəmizə münasibətdə sərgilədiyi əsas mövqelərdən biridir. Azərbaycan hakimiyyəti və prezidentinin tolerantlıqla bağlı ortaya qoyduğu mövqe və onun Aİ dövlətləri tərəfindən yüksək qiymətləndirilməsi təbii ki, qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin kökündə dayanan amillərdir. Ermənistanın Azərbaycandan fərqli olaraq «Şərq tərəfdaşlığı» proqramına imza atmasına baxmayaraq, ittifaq rəsmiləri, siyasətçiləri gözəl başa düşürlər ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə təhlükə törədən tərəf məhz İrəvandır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi Aİ-ni Cənubi Qafqazla bağlı nəzərdə tutduğu bəzi layihələrə daha tutarlı investisiyalar qoymaq fikrindən müəyyən mənada daşındırır. Ermənistan Aİ-nin Qafqazla bağlı layihələrində sanki mərkəzdənqaçma meyllərinin geclənməsinə şərait yaradan dövlət kimi çıxış edir. Bu gün Avropa dövlətlərinin özləri də terrordan ziyan çəkdikləri bir şəraitdə, Bakının bu bəlaya qarşı mübarizədə ittifaq dövlətlərinin yanında dayanması, habelə terrora qarşı aparılan mübarizədə Rusiya-Türkiyə-İran koalisiyasında yer alması, bundan fərqli olaraq İrəvanın ölkəmizə münasibətdə dövlət terrorizmi siyasəti yürütməsi göstərir ki, bölgəmizdə gerçəkdən müasir sivil dünyanın dəyərlərinə cavab verən dövlət məhz Azərbaycan Respublikasıdır. 
Sahibkarlığın inkişafına dəstək və fəaliyyət azadlığının tanınması məsələsində Azərbaycan dövlətinin ortaya qoyduğu mövqe nəticəsində mötəbər institutlar ölkəmizi iqtisadi azadlıq indeksinə görə dünya dövlətləri sırasında 35-ci yerə layiq görüblər. Bu da onu göstərir ki, ölkəmizdə sahibkarlığın inkişafına münbit və əlverişli şərait  var. Bu da Avropanın transmili şirkət və sahibkarlarının Azərbaycana daha inamla yanaşmalarına şərait yaradır. Şübhə etmirəm ki, Aİ-nin Azərbaycanla bağlı qəbul etdiyi bu qətnamələrin işıq üzü görməsinə təsir edən mühüm amillərdən biri də məhz köhnə dünyanın transmilli şirkətlərinin qurumla münasibətləri və ona təsir imkanları olub. Çünki sahibkarlar ancaq stabil, sabit ölkəyə kapital yatırırlar. Bu mənada da Azərbaycan Cənubi Qafqazın etalon və Aİ-nin müəyyən etdiyi standartlara cavab verən dövlətidir. Məhz ölkəmizin etibarlı tərəfdaş imici qazanması, Aİ-nin müəyyən etdiyi dəyərlərə önəm verməsi, sabitlik və təhlükəsizliyin qarantı rolunda çıxış etməsi, terrora qarşı mübarizədə Qərb dövlətlərilə bir yerdə durması Azərbaycana verilən yüksək etimadın nəticəsidir”.  
Aİ-nin Azərbaycana olan bu dəstəyinin ölkəmizə bir nömrəli problemin çözülməsi məsələsində hansı üstünlüklər vəd etdiyinə gəldikdə ekspert təəssüflə qeyd etdi ki, qurumun konfliktin həlli istiqamətində prosesə təsir imkanları Rusiya qədər güclü deyil: “Nəzərə alsaq ki, Cənubi Qafqaz ABŞ başda olmaqla Qərblə Rusiya, müəyyən mənada Türkiyə ilə İran arasında geosiyasi mübarizənin mərkəzində dayanan bölgədir, bu mənada Aİ-nin də bölgəmizdə strateji maraqları var. Bu mənada Aİ kimi mötəbər, dünyada kifayət qədər nüfuz və təsir imkanları olan təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməsi o anlamda vacib və əhəmiyyətlidir ki, qurumun aparıcı dövləti sayılan Fransa ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biridir. Azərbaycanın ittifaqın digər aparıcı dövləti olan Almaniya ilə də münasibətləri yüksək səviyyədədir. Bu mənada Aİ-nin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr Ermənsitana təzyiq baxımından mühüm əhəmiyyət kəsb edən qətnamələrdir. Çünki ittifaq lazım olanda Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi çağırışı ilə də çıxış edə bilər. Bütövlükdə ittifaq məsələnin həllilə bağlı danışıqlara müsbət təsir göstərib, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfə verə bilər”.  
Rüfət NADİROĞLU