"Yeməkdən əvvəl və sonra su içilsə..."

25 Dekabr 2017 11:09 (UTC+04:00)

Pasiyentlərin arıqlaması üçün tövsiyə olunan idmana ehtiyatla yanaşırıq. Çünki müraciət edənlərin əksəriyyəti ciddi xəstəliklərdən əziyyət çəkir və artıqçəkilidirlər. Buna görə də pasiyentlərə arıqlamaq üçün idman tövsiyəsi orqanizmə görə dəyişir.

Son vaxtlar arıqlamaq üçün bariatrik cərrahiyyəyə üz tutanların sayı artıb. Bu zaman mədə kiçildilir və pasiyent az yeməyə başlayır. Lakin bunun ciddi fəsadları ola bilər. Həmin sahə tibdə hələ yenidir və tədqiqatlar davam etdirilir. Xanımların daha çox müraciət etdiyi liposaksiya, yəni piysovurma əməliyyatı isə arıqlama proqramı deyil, bədənin konturlarının düzəldilməsi üçün korrektə vasitəsidir.

Movqe.az bildirir ki, bu sözləri diyetoloq-həkim Leyla Zülfüqarlı AZƏRTAC-a müsahibəsində deyib.

Dietoloq-həkim qeyd edib ki, pasiyentlər üçün fərdi qaydada proqramlar tətbiq olunur və pəhriz müddəti bitəndən sonra belə həmin şəxs kökəlmir. Qalıcı proqram sayəsində pəhriz bitdikdən sonra maksimum 2 kiloqram kökəlmək mümkündür.

 

L.Zülfüqarlı müsahibə zamanı suyun faydalarına da toxunub. O, bildirib ki, arıqlamaq üçün gün ərzində ən azı iki litr su içilməsi məsləhətlidir. Su təkcə artıq çəkidən xilas olmağa kömək etmir, həm də orqanizmin düzgün işləməsində rol oynayır. Gün ərzində yeməkdən çox su içmək tövsiyə olunur. Yeməkdən yarım saat öncə və bir saat sonra su içilməsi pəhriz saxlayanların nəticə əldə etməsinə müsbət təsir göstərir. Yaşıl çayın içilməsi individual xarakter daşıyır. Arıqladıcı preparatların qəbulu isə tövsiyə olunmur.

Mütəxəssis pəhriz zamanı edilən yanlışlıqlar barədə də məlumat verərək qeyd edib ki, bizim düşmənimiz yağ deyil, şəkərdir. Ekoloji cəhətdən təmiz yağ artıq çəkiyə səbəb olmur.

L.Zülfüqarlı apardığı elmi-tədqiqat işlərindən də bəhs edərək bildirib: "Elmi metodiki tövsiyələrimin yer aldığı iki kitabım nəşr olunub. "Sağlam bəslən, arıqla!" adlanan ilk kitabım 2015-ci ildə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub. İkinci kitabım isə 2017-ci ildə Moskvada təşkil edilmiş Beynəlxalq Kitab Sərgisinə təqdim edilən "Köklüyün sirri, arıqlığın açarı"dır. Mən öz kitablarımda sağlam qidalanma haqqında məlumat vermişəm".