Ölkədə hələ də ixtisaslaşmış banklar yoxdur

26 Dekabr 2017 08:00 (UTC+04:00)

Azərbaycanda hələ də ixtisaslaşmış banklar yoxdur, hamısı demək olar ki, universial xidmət göstərir. Halbuki, inkişaf etmiş ölkələrdə əks proses müşahidə olunur. İxtisaslaşmış banklar dedikdə konkret olaraq müəyyən sektorların dəstəklənməsi nəzərdə tutulur. Məsələn, bir çox xarici ölkələrdə kənd təsərrüfatını dəstəkləmək üçün aqrar banklar fəaliyyət göstərir. İxracatın dəstəklənməsinə kömək məqsədilə də ixracat bankları mövcuddur.  Bizdə bank sektorunda ixtisaslaşmış banklarn yoxluğu nədən qaynaqlanır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, banklar real sektorla az əməkdaşlıq etdiyindən və ənənənin olmaması üzündən ölkədə ixtisaslaşmış banklara da tələb yoxdur: “Əslində, bank sektorunda ixtisaslaşmış bankların olması həm də real sektorun dəstəklənməsi baxımından vacibdir. Nəzərə alsaq ki, banklar Azərbaycanda real sektoru daha az maliyyələşdirir, onda onların bu istiqamətdə daha yaxından iştirak etmələrinə ehtiyac vardır. Bu baxımdan ixtisaslaşmış bankların olmaması bankların real sektorun maliyyələşməsində birbaşa iştirak etməmələri, eyni zamanda həmin istiqamətdə təcrübə və ənənənin az olmasından qaynaqlanır. Təcrübənin genişləndirilməsinə ehtiyac var. Bankların real sektoru yaxından maliyyələşdirməsi olduqca vacibdir. Banklar real sektoru daha yaxından maliyyələşdirmək imkanına malik olar və bunu həyata keçirirlərsə, proses ixtisaslaşmış banklar və sektorların  daha yaxından dəstəklənməsinə imkan verə bilər. Bu imkan verəcək ki, banklar real sektorun maliyyələşməsində daha yaxından iştirak etsin. Eyni zamanda, sahibkarlar bank xidmətlərindən daha geniş istifadə etmək imkanı qazansınlar. O baxımdan ölkəmizdə ixtisaslaşmış bankların olmamasının əsas səbəbləri bu sahədə ənənənin zəif olması, xarici təcrübənin öyrənilib, tətbiq edilməsi prosesinin ləng getməsi və real sektorla daha az əməkdaşlıq etmələrindən qaynaqlanır”.  
İqtisadçı-ekspert Yaşar Əsədova görə isə ixtisaslaşmış bankların yoxluğu tələbin olmaması ilə bağlıdır: “Hazırda sahibkarlıqla məşğul olan müəyyən dairələrin əlində külli-miqdarda pul cəmlənib. İxtisaslaşmış banklar isə iqtisadiyyatın müəyyən sahələrilə işləyən banklardır. Amma məsələ ondadır ki, Azərbaycanda bəzi işgüzar sahibkarlar özləri heç bir kredit almadan istənilən iş və biznesi qurmaq üçün kifayət qədər vəsaitə sahibdirlər. 
İxtisaslaşmış bankların olmamasında başlıca amil tələbin yoxluğundan irəli gəlir. Çünki təklifi tələb doğurur. Azərbaycanda isə mövcud mənzərə onu göstərir ki, ixtisaslaşmış banklara ölkəmizdə tələb yoxdur. Ona görə təklif də meydana çıxmır.  Belə banklara tələb yoxdursa, təbii ki, onlar da formalaşmayacaq». 
Rüfət NADİROĞLU