Qul ağasının da üzünə ağ olur

26 Dekabr 2017 09:00 (UTC+04:00)

Avropa ittifaqı ilə əldə olunan razılıqlardan sonra Ermənistanda anti-Rusiya ab-havası sürətlə yüksəlir. Belə bir tendensiyanın regionda hansı nəticələri ola bilər?

Politoloq Elşən Manafovun fikrincə, Ermənistanda anti-Rusiya ovqatı yüksəlməyə başlasa da, yaxın perspektivdə onun ciddi siyasi nəticələr əldə edəcəyi inandırıcı deyil: “Ermənistanda mövcud olan anti-Rusiya övqatı sözsüz ki, bütünlükdə erməni cəmiyyəti və hakimiyyət dairələrinə aid edilə bilməz.  Sadəcə olaraq, işğalçı ölkə əhalisinin müəyyən qismində, o cümlədən müxalifətdə belə bir əmniyyət var ki, Ermənistan yaxın perspektivdə Rusiya təsir dairəsindən qurtulub, Avropa və ABŞ-la fərqli münasibətlər qura bilər. Hərçənd Ermənistanın indiki iqtidarının birmənalı şəkildə Rusiyadan asılı olduğu heç bir ekspertdə şübhə doğurmur.  
Bildiyiniz kimi, bu günlərdə Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı élan olunması ilə bağlı məsələ gündəmə gətirildi. Bu da ondan irəli gəlirdi ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin səfirliyini Qüdsə köçürməklə bağlı qərar verdikdən sonra İslam ölkələrinin əksəriyyəti tərəfindən adektav mövqe ortaya qoyuldu. Hətta ABŞ-ın müttəfiqi sayılan dövlətlər belə Trampın bu qərarını dəstəkləmədi.  Bunu deməkdə məqsədim odur ki, Qüdslə bağlı məsələ BMT Baş Assambleyasında müzakirəyə çıxarılarkən İrəvanın manevr edərək ABŞ-la İsrailin yanında olmaq imkanları var idi. Ermənistan gerçəkdən Aİ-nin Şərq Tərəfdaşlığı ilə bağlı əlaqələrin genişləndirilməsi məsələsinə imza atmaqla Rusiya ilə münasibətləri soyutmaq istəyirdisə, ardınca Serj Sarkisyan hakimiyyəti Qüds məsələsində məhz Vaşinqtonla Təl-Əvivin yanında ola bilərdi. İlk baxşdan bu, həmçinin Azərbaycan-İsrail münasibətlərinə vurulan zərbə kimi də qiymətləndirilə bilərdi. Çünki həmin müzakirələr zamanı Azərbaycanın 128 dövlətlə bahəm BMT qətnaməsinin lehinə səs verməsi fonunda İrəvan bunun əksinə gedə bilərdi. Yəni, düşmən ölkə Azərbaycanın İsrailin marağına cavab verməyən mövqeyindən istifadə edərək əks addım atmaqla Vaşinqton və Təl-Əvivlə yaxınlaşa bilərdi. Amma Ermənistan bu addıma ona görə getmədi ki, ağası Rusiya mötəbər qurumda qoyulan məsələnin qəbul edilməsi lehinə səs verdi. Həmçinin İrəvan özünün iqtisadi və siyasi mənada əsas müttəfiqlərindən olan İranın da incik düşə biləcəyini nəzərə alaraq BMT Baş Assambleyasında ABŞ-ın marağına cavab verən addımı atmadı. Əslində, bu, həm də onun göstəricisidir ki, Ermənistan hakimiyyətinin müstəqil siyasət yürütmək gücü yox dərəcəsindədir. 
Erməni iqtidarı bu və ya digər addım atarkən adətən, Moskva və Tehrana boylanır. Ona görə də Ermənsitanda cərəyan edən anti-Rusiya ovqatının yaxın perspektivdə Sarkisyan iqtidarının hakimiyyətdən gedəcəyilə sonuclanacağını düşünmürəm. Çünki bu iqtidarın Rusiya ilə bağlı ilişgiləri və İranla əlaqədar mövqeyi göz qabağındadır. Düzdür, Ermənistanda sosial-iqtisadi durum ağırdır və ağırlaşmaqda davam edir. Ermənistandan miqrasuya edənlərin sayı günbəgün artır. Aprel döyüşlərindəki məğlubiyyət erməni cəmiyyəti və ordusunda mənfi rezonanslar doğurub. Bütün bunlar göz önündədir. Lakin buna baxmayaraq, yaxın perspektivdə Ermənistanın Qərbin ağuşuna atıla biləcəyi istiqamətində ciddi imkanların olduğunu da görmürəm. Hələ ki, Qərb də Ermənsitanı özünün məsləhət bildiyi müstəvi üzərinə gətirmək istəmir. Bu istiqamətdə onlar tərəfindən ciddi mesajların olduğunu müşahidə etmirik. Baxmayaraq ki, İrəvan Aİ-nin Şərq Əməkdaşlığı Müqaviləsinə imza atıb. Azərbaycan və Gürcüstanla müqayisədə Aİ-də Ermənistana münasibət kifayət qədər fərqlidir. Aİ-nin Dağlıq Qarabağla bağlı məsələdə ikili standartlardan çıxış etməsi də təəssüf ki, xristian təəssübkeçliyi kimi amillərədn irəli gəlir. Gün kimi bəllidir ki, Ermənistan bölgədə sülh və sabitliyə ciddi təhlükə təşkil edən və terroru dəstəkləyən dövlətlərdəndir. Ona görə də Qərb Ermənistana ciddi investisiya və kapital qoymaq fikrindən uzaqdır. Bu mənada Qərbin transmilli şirkətlərinin Ermənistanla ciddi layihələrə malik olmaması onu göstərir ki, yaxın perspektivdə İrəvanın Aİ-lə ciddi münasibətlər qurması imkanları kifayət qədər məhduddur.  Ermənsitanda Qərblə münasibətləri 180 dərəcə dəyişə biləcək hakimiyyət iqtidara gəlməyincə, anti-Rusiya ovqatlarının cərəyan edən proseslərə ciddi bir təsiri olmayacaq. Psixoloji və sosial aspektdə müəyyən təsirləri ola bilər, amma bu amillərin rusiyapərəst Sarkisyan iqtidarının hakimiyyətdən kənarlaşdırıla biləcəyilə nəticələnəcəyini istisna edərdim”.
Rüfət NADİROĞLU