Ötən Azərbaycanda satışdan 85 tona yaxın keyfiyyətsiz məhsul çıxarılıb

15 Mart 2013 16:08 (UTC+04:00)

Ötən il Azərbaycanın istehlak bazarında aparılmış nəzarət tədbirləri nəticəsində tədavüldən saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, habelə etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olamayan 84,7 ton məhsul aşkar edilərək çıxarılıb.

Movqe.az-in məlumatına görə, bunu cümə günü jurnalistlərə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Zahid İsayev deyib.

İstehlakçıların Beynəlxalq Müdafiə Günü çərçivəsində Dövlət Xidmətinin martın 15-də keçirdiyi konfransda 150-dən artıq sahibkar iştirak edir.

İsayevin sözlərinə görə, ötən il tədavüldən 1,7 ton qida məhsulları, qrupuna aid olmayan digər məhsullar çıxarılıb.

Ümumilikdə, 2012-ci ildə Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində 2,240 min qanun puzuntusu aşkar edilib, onların əksəriyyəti keyfiyyətsiz qida məhsulları, saxlama qaydalarının pozulması və s. ilə bağlıdır.

"Aşkar edilmiş faktlar üzrə 2,7 milyon manatdan artıq inzibati-hüquqi tədbirlər tətbiq edilib", - İsayev qeyd edib.

Monitorinqlər zamanı Dövlət Xidməti keyfiyyət və təhlükəsizlik parametrlərinə görə laborator yoxlamalardan keçən nümunələr alır. Mənfi hallar aşkarlandığı halda qanunvericilik çərçivəsində tədbirlər görülür.

Hazırki tədbirin keçirilməsində əsas məqsəd istehlakçıların hüquqlarının müdafiəsi və bu sahədə Dövlət Xidmətinin vəzifələri və fəaliyyət istiqamətləri üzrə məsələlərin müzakirəsidir.