Qarabağ münaqişəsinin həllində Türkiyə-Rusiya-İran formulu

27 Dekabr 2017 09:00 (UTC+04:00)

Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər. Bunu rusiyalı politoloq Maksim Şevçenko deyib. 

Qeyd edək ki, Ankara, Moskva və Tehran üçbucağı özünü Suriyada doğrulda bilib. İŞİD terror təşkilatının darmadağın edilməsində məhz bu üç ölkənin yaxınlaşaraq əməkdaşlıq etməsi mühüm rol oynadı. Azərbaycanın adı çəkilən hər üç ölkə ilə münasibətləri olduqca yaxşıdır. Türkiyə ilə yanaşı, artıq Rusiya və İran da ölkəmizə strateji partnyor kimi yanaşır.  Bu mənada maraqlıdır, Qarabağ münaqişəsinin rusiyalı politoloqun dediyi formatda həlli mümkündürmü?
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Türkiyə, Rusiya və İran arasında Qarabağ məsələsi ətrafında fikir birliyi yarandığı təqdirdə münaqişənin həlli mümkündür: “Rusiyalı politoloq Maksim Şevçenkonun açıqlaması əlbəttə ki, gerçəkləşəcəyi təqdirdə doğrudan da əhəmiyyətli bir açıqlamadır. Gerçəkləşməsi üçün isə sözügedən dövlətlərin maraqları təmin olunmalıdır. Bundan sonra da siyasi iradə lazım gəlir. 
Çoxları daha diqqət tələb edən məsələnin mahiyyətinə nəzər yetirmir. Azərbaycanın fəal iştirakçısı olduğu üçlük formatlarının heç birində fikir vermisinizsə, Ermənistan yoxdur və ola da bilməz. Bu formatların keçirdiyi tədbirlərin hər birində Azərbaycan Prezidenti, eləcə də Türkiyə rəhbərliyi Ermənistana xəbərdarlıq edir ki, tutduqları yol yalnız onların təklənməsini daha da dərinləşdirir. Son anda bunun Ermənistan üçün bir adı olacaq - fəlakət. Yəni, yürütdüyü siyasətlə Ermənistanın heç bir perspektivi yoxdur. 
Bütün region dövlətləri siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirir, yaxınlaşma yolunda layihələr həyata keçirir. Tək Ermənistan yapışıb Rusiyadan. Bir də Avropa ilə izah olunması özləri üçün də qaranlq olan  müəyyən əlaqələrdən. Ortada ciddi problem var. Azərbaycanın ərazi bütövlüyünün pozulması, konfliktin mövcudluğu, hər an müharibə təhlükəsinin olması İran, Rusiya, eləcə də Türkiyəyə əlbəttə ki, lazım deyil. Bu mənada adı çəkilən iki dövlət Türkiyə qədər ədalət prinsipi və mövcud beynəlxalq qanunlar çərçivəsində münaqişənin həllinə maraq göstərsəydi, problem həll olunardı. İkincisi, həmin dövlətlərin heç biri bununla heç nə itirməyəcəkdi. Bu mənada da Şevçenkonun fikrini doğru hesab edirəm. Sözügedən dövlətlərin çoxtərəfli maraqlarının təmin olunması gerçəklikdir. Çünki həmin dövlətlər getdikcə daha da dərinləşən əməkdaşlıqdan heç nə itirmir, əksinə qazanırlar. Deməli, qazanırlarsa, məntiq onu deyir ki, onların problemi həll etmək üçün iradə ifadə etmələri lazım gəlir. 
Dünyanın hazırkı mürəkkəb gerçəkliyi şəraitində əhəmiyyətli regionu təmsil edən sözügedən dövlətlər arasında Qarabağ problemi ətrafında fikir birliyi yaranarsa, əlbəttə ki, münaqişə həll oluna bilər.  Məsələ bundadır. Onda Minsk qrupunun uzun illərdir davam edən get-gəl turizminə və digər məsələlərə heç bir ehtiyac da qalmazdı. Şübhə etmirəm ki, siyasi məsələlər üçtərəfli formatlarda müxtəlif səviyyələrdə müzakirə olunanda Azərbaycan tərəfi lazım olan mənada həmin dövlətlərlə çalışır. Hazırkı gerçəklik fonunda bir sıra dövlətlərin, xüsusən ABŞ-ın iştirak etdiyi münaqişə ocaqlarının heç birində problemin həll olunması istiqamətində bir işıq ucu görünmür. Rusiya isə Suriyada problemi həll etmək üçün ciddi iradə ortaya qoydu. İran da fəal şəkildə həmin prosesin içindədir. Türkiyə ilə birlikdə onlar bütövlükdə hansısa nəticə əldə edə bildilər. Yəni Rusiya, Türkiyə və İranın iştirakı ilə Suriya problemində ciddi irəliləyiş əldə olundu. Hərçənd problemin tamamilə həlli çox vaxt aparacaq. Dünyanın başqa bir yerində bu gerçəklik qısqanclıqla qarşılanır. Nə qədər ki, bu cür ziddiyyətlər var, müxtəlif yerlərdəki konfliktlər də həll olunmayacaq. Deməli, göstərilən səylərin məqsədi münaqişəni həll etmək deyil, şəxsi qazanc götürməkdən ibarət olacaqsa, bu halda konfliktlər həll olunmayacaq. Regiondakı dövlətlərin bəziləri tərəfindən zaman-zaman belə fikirlər səslənir ki, bölgə dövlətləri kənardan müdaxilə olmadan özləri münaqişəni həll edə bilərlər. Belə dekorativ bəyanatlar verilirsə, səylər birləşdirilsin, ümumi məxrəcə gəlinsin və bu halda diqqət çəkici nəticə əldə etmək mümkün olacaq”.
Rüfət NADİROĞLU