Rusiyadan Azərbaycana daha çox pul gəlməyə başlayır

27 Dekabr 2017 09:30 (UTC+04:00)

Rusiyadan Azərbaycana yatırlan sərmayələrin həcmi artır, Rusiya regionları, şirkətləri Azərbaycanla əməkdaşlığa getdikcə daha çox önəm verməyə başlayırlar. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov fikrincə, Rusiyadan ölkəmizə yatırılan sərmayənin həcminin artması Azərbaycanın daha çox cəlbedici ölkəyə çevrilməsilə bağlıdır: “Rusiya ilə Azərbaycan strateji baxımdan tərəfdaş ölkələrdir. Çünki Azərbaycanın qeyri-neft ixracatında Rusiya pay nisbətində birinci yeri tutur. Azərbaycan ixrac etdiyi aqrar məhsulunun 90 faizindən çoxunu məhz Rusiyaya göndərir. Eyni zamanda, Rusiya üçün Azərbaycan investisiya qoyuluşu baxımından cəlbedici ölkədir. Rusiya investisiyasının Azərbaycan iqtisadiyyatına yönəlməsinin əsas səbəblərindən biri dil baryerinin olmamasından qaynaqlanır. 

Adətən sahibkarlar da dil baryerinin olmadığı ölkələrlə işləməyə daha çox meylli olurlar. Bu da nəticə etibarı ilə sahibkarın investisiyası üçün bir baza yaradır. Eləcə də ölkələr arasındakı münasibətlərin səviyyəsi də investisiya cəlbedilməsi baxımından həlledici faktorlardan hesab olunur. Azərbaycanla Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsini nəzərə alsaq, yaranmış durum şimal ölkəsindən gələn sərmayələrin Azərbaycana yatırılmasına imkan yaradır. Həmçinin Azərbaycan hökuməti tərəfindən xarici investisiyanın dəstəklənməsi siyasəti həyata keçirilir. Bu mənada Rusiyadan xarici investisiyanın cəlb edilməsi məsələsi də hədəflərdən biridir. Çünki Rusiya şirkətləri Azərbaycanda daha uyğun şərtlərlə investisiya həyata keçirmək imkanlarına malikdirlər ki, bu da oradan ölkəmizə sərmayə cəlb olunması mənasında vacib məqamdır. Rusiya sərmayəsinin cəlb edilməsinin digər səbəbi həmin əsasda istehsal edilən məhsulların sonradan digər ölkələrə ixrac olunması ilə də bağlıdır. Nəticədə investisiyanın ixrac potensialı yaranır ki, bu da Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərən məqamlardandır. Rusiyalı investorlar Azərbaycanın maliyyə bazarında da maraqlıdırlar. Ona görə də onlar investisiyanı genişləndirməklə fərqli maliyyə təklifləri edirlər. Bu da gəlirlik baxımından Rusiya şirkətləri üçün cəlbedicidi. Sözügedən faktorlar nəticə etibarı ilə ölkəmizə daha çox Rusiya sərayəsinin gəlməsinə şərait yaradacaq. İki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi onu deməyə əsas verir ki, növbəti dövrlərdə də Azərbaycan Rusiyadan daha çox sərmayə cəlb etmək imkanına malik olacaq”.   
Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar həcmində investisiya yatırıb. Bunu isə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, hər iki ölkə arasında ticarət dövriyyəsi, investisiya həcmləri ildən-ilə artır. Azərbaycan şirkətləri Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb. 700-ə yaxın Rusiya qeydiyyatında olan şirkət Azərbaycanda uğurla fəaliyyət göstərir.
Nazir qeyd edib ki, Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiya Federasiyasına təyin olunub, Azərbaycan şirkətləri Rusiyada keçirilən sərgilərdə uğurla təmsil olunur, Azərbaycan məhsulları Rusiya telekanallarında reklam edilir, şirkətlərimiz iqtisadi forumlarda iştirak edir. Bu isə qarşılıqlı əlaqələrin daim inkişafda olduğunun göstəricisidir.

Rüfət NADİROĞLU