Moskvadan İrəvana ünvanlanan Qarabağ mesajı

27 Dekabr 2017 09:40 (UTC+04:00)

Rusiyalı politoloq Pavel Felgenhauer Ermənistan mediasına açıqamasında bu ölkəni xəbərdarlıq edib ki, yeni mühariəb başalsa, Azərbaycan çox asanlıqla qalib gələcək: “Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Əgər Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. Doğrudur, dərs götürüb, çatışmazlıqlarını anlamağa və mümkün olanları həll etməyə çalışmısınız. Lakin daha fundamental olan şeylər də var. Bu da Ermənistan ordusunun geriliyidir. Bu, sizin günahınız yox, bədbəxtliyinizdir. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu isə Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib. Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”. Bu xəbərdarlıq ermənilər üçün nə anlama gəlir? 

Siyasi icmalçı Azər Həsrət qeyd etdi ki, rusiyalı siyasilər və ekspertlər tərəfindən Ermənistana edilən bu sayaq xəbərdarlıqlar İrəvanın son zamanlar müəyyən dərəcədə Qərbə meyllənməsinə verilən reaksiyalardır: “Son zamanlar fikir vermisinizsə, Ermənistan rusiyameylli siyasətini bir qədər arxa plana keçirərək guya qərbpərəst siyasət yütürməyə başlayıb. İrəvan xüsusən də Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bir qədər fəallıq nümayiş etdirir. Aydın məsələdir ki, AB ilə Ermənistanın yaxınlaşması Moskvanın ürəyincə deyil. Onu da nəzərə alaq ki, Ermənistan Rusiyanın forpostudur. Yəni, İrəvan özbaşına hərəkət edə bilməz. Amma görünür, Ermənistan ya planlı şəkildə, ya da sadəcə olaraq, bir qədər müstəqillik nümayiş etdirməyə cəhd göstərir və ona görə də AB ilə məlum saziş istiqamətində addım atıb. Ona görə də Rusiya ictimai rəyində ayrı-ayrı şəxslər Ermənistana gerçək dəyərini anlatmağa məcburdurlar. 
Onlar bu kimi fikirlərlə İrəvana anladır ki, hazırda Azərbaycan torpaqlarını işğal altında saxlamaları öz zəhmətlərinin bəhrəsi deyil, bu, Rusiyanın zəhmətinin bəhrəsidir. Yəni, Rusiya öz dəstəyini geri çəkərsə, Azərbaycan bir neçə gün içində Ermənistanı darmadağın edə bilər. Eyni zamanda, xatırladırlar ki, ermənilər hərbi güc və digər göstəricilər baxımından Azərbaycandan qat-qat geridədirlər. Belə olan halda da Ermənistanın sona qədər Rusiyanın köməyinə arxalanmağa məcbur olduğu söylənilir. Ekspertlərin bu cür açıqlamaları Ermənsitana ermənilərin sadəcə olaraq, heç kim olduqları, heç kimin onlarla hesablaşmadığını xatırlatmaq anlamına gəlir. Yəni. Ermənistana xatırladırlar ki, “biz varıqsa, siz  varsınız, biz yoxuqsa, siz də yoxsunuz”. Bu açıqlama ermənilərə mesajdır ki, çaşıb Rusiyadan icazəsiz hansısa digər beynəlxalq birliklərlə iştirak etməsinlər, Moskvanın icazəsi olmadan hansısa gizli addımlar atmasınlar. Bu, bir daha göstərir ki, Ermənistan çox acınacaqlı durumda olan bir ölkədir. 
Ermənistanın ümumilikdə siyasəti bütünlüklə ancaq xaricdən asılıdır. Ermənistana göründüyü kimi addımbaşı nəyisə xatırladır, başına vurur və onu ağıllı olmağa dəvət edirlər.  Halbuki, Azərbaycan istənilən beynəlxalq birliyə qoşulanda, hansısa addımlar atanda hər hansı bir xarici dövlətlə məsləhətləşmir və məsləhətləşmədiyi təqdirdə də heç kim ona nəyisə xatırlada bilmir. Bu durum ölkəmiz üçün çox əlverişlidir. Çünki, Ermənistanın bu davranışları hesabına dünya miqyasında Azərbaycanın ləyaqətli dövlət olduğunu göstərə bilirik. Müqayisə aparanlar görür ki, həqiqətən də Azərbaycan bütün addımlarında sərbəstdir, müstəqil şəkildə özü qərar verir. Ermənistan isə çaşaraq hardasa yüngülvari müstəqillik nümayiş etdirmək istəyən kimi, dərhal Rusiyanın timsalında ağası onun başına vurur”. 
Milli Məclisin deputatı Elman Məmmədov da bildirdi ki, rusiyalı ekspertlər belə xəbərdarlıqlarla İrəvana başa salmağa çalışır ki, işğalçılıq siyasətindən əl çəksinlər: “Azərbaycan tərəfi olaraq dəfələrlə düşməni başa salmışıq ki, artıq mövcud vəziyyət keçən əsrin 90-cı illərində olan qüvvələr nisbəti deyil. Həmin dövrdə Azərbaycan Ordusu yox idi, iqtisadiyyatı sıfır vəziyyətində idi. Ermənistan da bu məqamdan istifadə edərək torpaqlarımızı işğal etdi. 
Hazırda ermənilər bir gün də olsa Azərbaycanla müharibə aparmaq qabiliyyətində deyil. Çünki indi güclü Azərbaycan, onun möhtəşəm ordusu və torpaqları işğaldan azad etmək əzmində olan əsgərlərimiz var. Əsgərlərimiz bilir ki, onlar torpaqlarımızın azadlığı üçün döyüşürlər. Erməni əsgəri isə artıq işğalçılıq məqsədilə döyüşməyəcək. Çünki artıq əvvəllər kök salmış bu fikirdən uzaqdırlar. 
Ermənistana olan bu xəbərdarlığın Rusiya tərəfindən gəlməsi elə-belə, özbaşına xəbərdarlıq deyil. Rusiya artıq özünün müəyyən siyasətçiləri, ekspert və politoloqları vasitəsilə erməniləri tədricən başa salmağa çalışır ki, axmaq işğalçılıq siyasətindən əl çəksinlər. Həmişə ermənini müdafiə edən Rusiya belə düşünürsə, bu artıq Ermənistan üçün ciddi mesajdır. Azərbaycanın pilotsuz hərbi texnikası lazım gələndə düşmənin istənilən hərbi obyekti və texnikasını sıradan çıxartmaq gücünə malikdir. Çünki Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Azərbayan əsgəri də qələbə əzmindədir. Düşmən bunlardan nəticə çıxartmalıdır”.
Rüfət NADİROĞLU