KİVDF qalib jurnalistləri mükafatlandırdı

26 Dekabr 2017 18:20 (UTC+04:00)

Bu gün  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mətbuata dövlət qayğısından söz açıb. Fondun icraçı direktoru bildirib ki, bu il Azərbaycan üçün uğurlu oldu. O, IV İslam Həmrəyliyi Oyunları keçirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini diqqətə çatdırıb.

Fond  tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı keçirilən tədbirlərdən söz açan V. Səfərli bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda jurnalistlər üçün üçüncü binanın təməlinin  qoyulduğunu bildirib. KİVDF icraçı direktoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb: "Müsabiqəyə 19 istiqamət üzrə 66 KİV-dən 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub"

V. Səfərli Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə jurnalistləri təbrik edib.

 

Çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edib: "Bu il islam dövlətləri arasında həmrəyliyi gücləndirmək üçün xaricdə və ölkə daxilində mühüm tədbirlər həyata keçirilib. Bu sırada İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək istəyirəm".

Azərbaycan prezidentinin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada azərbaycanlıların həmrəyliyinə nail olunması istiqamətində mühüm bayram olduğunu qeyd edib: "Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir. Media vasitəsi ilə dövlət siyasətini çatdırır, qarşılıqlı olaraq dövlətlə cəmiyyət arasında körpülər yaradılması üçün media körpüsündən istifadə edirik. 2017-ci il jurnalistika üçün uğurlu olub. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. Bu il jurnalistlərin bir qismi yeni mənzillərlə təmin olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, jurnalistlərə qayğı davam etdiriləcək".

 

Ə. Həsənov nəzərə çatdırıb ki, 2018-ci ildə KİV-lərlə birlikdə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın törətdiyi Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilən digər soyqırımları dünya ictimaiyyətinə çatdırılacaq.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2018-ci ilin Azərbaycanın islam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib: "2018-ci ilin Azərbaycan üçün daha uğurlu il olacağına inanıram. Azərbaycan jurnalistlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm"

Qalib jurnalistlər mükafatlandırıldıqdan sonra, bədii hissə ilə tədbir davam etdirilib.

Zülfiyyə QULUYEVA