İctimai nəqliyyatda differensial gediş haqları tətbiq olunacaq?!

28 Dekabr 2017 07:00 (UTC+04:00)

Azərbaycanda ictimai nəqliyyatda differensial tarif sisteminin tətbiq edilməsi təklif olunur. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev çıxış edib. 

O bildirib ki, adətən, tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq, hətta illik olur: “Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, Avropada bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır, həm də yükləmə aparatlarının qarşısında vaxt itirmirlər. Nəqliyyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait əldə etmələri olur. Azərbaycanda da, nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?!". 
Ekspertin fikrincə, Azərbaycanda da bu sistemə keçmək mümkündür: “Artıq nağdsız dövriyyəyə keçid var. Kartla ödəniş həyata keçirilir. Bəzi ölkələrdə bankomatlar birdəfəlik bilet çap edir. Bu sistemi də həyata keçirmək olar. Ancaq nağdsız ödəniş sisteminə keçmişiksə, bunu etmək daha rahat olardı. Ölkəmiz üçün vacib amildir. 
Nəzərə alaq ki, müəyyən insanlar hər gün eyni marşrut üzrə işə gedib gəlirlər. Onlar üçün güzəştli sistemi tətbiq etmək düzgün olardı. Bunun nəqliyyat şirkətinə faydası odur ki, müəyyən investisiya yatırmaq üçün birdən-birə böyük həcmdə pul gəlir. Aylıq, illik ödənişlərin mahiyyəti ondan ibarətdir ki, qısa müddətdə böyük həcmdə pul yığılsın və bankdan kredit götürülməsin. Bu sistemin Azərbaycanda tətbiqinə imkan var. İnfrastrukturu daha da təkmilləşdirməklə, sözügedən sistemə keçmək olar”. 
Ekspert əlavə etdi ki, birdəfəlik gedişin qiyməti ilə həftəlik və aylıq, illik gedişin qiyməti arasında fərq olmalıdır: “Məsələn, Çexiyada birdəfəlik gedişlə illik gediş arasında ən azı 50 faiz fərq var. Fərqin olması vacibdir ki, insanları aylıq, həftəlik, illik gediş bileti almağa stimullaşdırsın. Hətta gecə və gündüzün ayrı-ayrı tarifləri də var. Eyni zamanda bəzi ölkələrdə tariflər gedişin uzunluğuna görə də müəyyən edilir. Yəni, fərqli differansiallar mövcuddur.  Bizə ən uyğunu gedişlərin sayına görə differensial sistemin tətbiqidir”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Mövqe”yə bildirdi ki, hazırda prioritet məsələ paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımada nağdsız ödəniş sisteminin tam tətbiqinə nail olmaqdır: “BNA-nın bu istiqamətdə apardığı işlər nəticəsində 20 marşrut xətti üzrə 478 avtobusda nağdsız ödəniş sisteminə keçid təmin edilib. Növbəti ilə üçün daha 700 avtobusun bu sistemə qoşulmasını planlaşdırırıq. Yalnız bütün marşrut xətləri üzrə nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra müəyyən yeniliklərin tətbiqindən danışmaq olar”.
Mübariz BAYRAMOV