Azərbaycanda yoxsulluq probleminə birdəfəlik son qoyulur

28 Dekabr 2017 08:00 (UTC+04:00)

“2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul da qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Elə iqtisadçı ekspertlər də görülən tədbirlər, həyata keçirilən  islahatlar fonunda, 2020-ci ildə yoxsulluğun sıfıra enəcəyini proqnozlaşdırırlar.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, cari ilin son on bir ayının yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir: “Azərbaycan yenə də iqtisadi inkişaf tempinə görə liderlik etmək iddiasındadır. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyi hədəfləyir. Ötən 11 ayının yekunları dediklərimizi tam əsaslandırmağa imkan verir. 
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları göstərir ki, cari ilin on bir ayının yekunları kifayət qədər pozitivdir. Bu ilin on bir ay ərzində keçən ilin 11 ayı ilə müqayisədə ümumi daxili məhsulun (ÜDM) 0,2 faiz azalması qeydə alınıb ki, bu da ilk növbədə neft hasilatının azalması ilə bağlıdır. Unutmayaq ki, 2016-cı ilin 11 ayı ərzində ÜDM 2015-ci ilin 10 ayı ilə müqayisədə 3,9 faiz azalmışdı.  2016-cı ilin 11 ayı ilə müqaisədə cari ilin 11 ayı ərzindəki ümumi iqtisadi durum bütövlükdə pozitivdir. Cari ilin ötən dövrü ərzində 2016-cı ildə baş vermiş iqtisadi geriləmələr praktik olaraq, aradan qaldırılıb. Dediklərimizi əsaslandıra biləcək başqa göstəricilərə də nəzər salaq. 
Cari ilin 11 ayı ərzində qeyri-neft ümumi daxili məhsulu 2,4 faiz arta bilib. Halbuki 2016-cı ilin 10 ayı ərzində bu göstərici 2015-ci ilin 10 ayı ilə müqaisədə 5,6 faiz azalmışdı. Eyni qayda ilə demək olar ki, ötən 11 ay ərzində bütün başqa göstəricilər üzrə nəticələr də kifayət qədər pozitivdir. Qeyri-neft sənaye məhsulunun həcmi ötən ilin 11 ayı ilə müqayisədə 3,5 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ildə 2015-ci illə müqaisədə 28 faiz azalmışdısa, cari ilin 11 ayında bu azalma cəmi 2,8 faiz təşkil edib. Kənd təsərrüfatında istehsal həcmində cari ilin 11 ayında 4,2 faiz artım qeydə alınıb. Ancaq ötən ildə bu artım cəmi 2,3 faiz ola bilmişdi. Anoloji olaraq, nəqliyat sektoru üzrə yükdaşımalarda və sərnişin daşınmasında artımlar qeydə alınıb. Dövlət büdcəsinin gəlir və xərcləri ötən 11 ayda keçən ildəkinə nisbətən müvafiq olaraq 13,8 faiz və 11 faiz artıb. Halbuki ötən ildə 2015-ci illə müqayisədə dövlət büdcəsinin həmin göstəriciləri müvafiq olaraq 26,1 faiz və 10 faiz aşağı olmuşdu. Ötən 10 ay ərzində xarici ticarət dövriyyəsi 9,4 faiz artıb.  2016-cı ilin 10 ayında isə bu göstərici 2015-ci ilin 10 ayı ilə müqayisədə 18 faiz azalmışdı”.
Professor əlavə etdi ki, bu sahədə daha diqqət çəkən məqam qeyri-neft ixracının həcmində baş vermiş artımla bağlıdır: “Belə ki, ötən 10 ay ərzində bu sektordan ixracın həcmi 2016-cı ilin 10 ayı ilə müqayisədə 25,1 faiz artıb.  Ancaq 2016-cı ilin 10 ayında qeyri-neft sektorundan ixracın həcmi 2015-ci ilin 10 ayı ilə müqayisədə 26,5 faiz azalmışdı. Bir il ərzində tək bu sahə üzrə göstəricilərdə nə qədər böyük bir irəliləyişin olması çox mətləblərdən xəbər verir. Keçən illə müqayisədə cari ilin 11 ayı ərzində bütün göstəricilər üzrə əsaslı irəliləyişlər baş verib. Bu on bir ayda göstəricilərin bu qədər pozitiv olması o deməkdir ki, biz cari ili müsbət saldo ilə də yekunlaşdırmaq ərəfəsindəyik. Buna görə də 2017-ci ilin tənəzzüldən sonra iqtisadi artımların başlanğıcının qoyulduğu il kimi tarixə düşəcəyi şübhəsizdir. Bu gün artıq Azərbaycan iqtisadiyyatının real sektorunda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilir. Bu sektorun aparıcı sahəsi olan aqrar bölmənin göstəriciləri kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatıb. Yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Bu il artıq 244 ton yaş barama tədarük edilib. Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Yola saldığımız ilin dekabr ayının 25-dək ölkə üzrə 205 min 696 ton pambıq tədarük olunub. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı”.
Fikrət Yusifov qeyd etdi ki, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir: “Bunun nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Hər bir investor ancaq ictimai-siyasi sabitliyin mövcud olduğu ölkəyə sərmayə qoymaqda maraqlı ola bilər. Məhz bu ictimai-siyasi sabitliyin nəticəsidir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Son 14 ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edir. Bütün bunlar deməyə əsas verir ki, yaxın bir neçə ildən sonra Azərbaycanda  yoxsulluğun səviyyəsi əsaslı şəkildə azala biləcək”. 
Mübariz BAYRAMOV