Erməni iqtisadçılar şivən qoparır

28 Dekabr 2017 09:40 (UTC+04:00)

“Hakimiyyət 2018-ci il büdcəsini təsdiqləməzdən əvvəl, əhaliyə kəmərləri sıxmağın vacibliyi xəbərdarlığını etməli idi”. Bunu Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan “Jamanak” qəzetinə müsahibəsində vurğulayıb. “2018-ci il ağır olacaq. Ötən ilki xarici müsbət təsir bu həcmdə qalmayacaq. Vəziyyət hakimiyyətin sistemli islahat aparması və onu həyata keçirmək üçün iradəsinin olmasından asılıdır. Düzdür, islahatlar inkişaf üçün təminat ola bilməz, səmərəli və ağlabatan iqtisadi siyasətin hazırlanması da mümkün deyil. Ermənistan iqtisadiyyatının xəstə yeri xarici amillərdir. Çünki ölkə iqtisadiyyat xarici şəxsi pul köçürmələrindən asılıdır”, - deyə B. Asatryan təşviş içərisində bildirib. 

Ekspertin fikrincə, ölkənin iqtisadiyyatı ölü vəziyyətindədir, sadəcə xaricdən edilən köçürmələr sayəsində ticarət və xidmət sahələrində süni canlanma baş verir. Bu isə inkişaf yox, iqtisadiyyatın yerində sayması deməkdir. Nəticədə “qapaz əhalinin başına dəyir”. Ölkədə inflyasiyanı saxlamaq mümkün deyil. Qiymətlər sürətlə artır. Bunun muqabilində isə pensiyalar və büdcədən maliyyəşən əməkdaşların maaşları artırılmayacaq. Çünki, hökumətin maaş artımı üçün vəsaiti yoxdur və istəsə də bu vəsaiti tapa bilməyəcək. Bu gerilik maddi vəziyyəti daha da çətinləşdirəcək və yoxsulluğun səviyyəsi daha bir neçə faiz artacaq. 
Yoxsulluq və səfalət hökm sürən ölkədə məmurların korrupsiya bataqlığına yuvarlanması daha asan və məntiqidir. Korrupsiya olan yerdə isə insan hüquqlarından danışmaq yersizdir. Ermənistan parlamentinin müxalif “Yelk” fraksiyasından olan deputatı Artak Zeynalyan keçirdiyi mətbuat konfransında bildirib ki, hüquq pozuntularına yol verməmək daha asandır, nəinki onun sonrakı pozuntularının aradan qaldırılması ilə məşğul olmaq. “Ermənistanda hüquqların qorunması üçün səmərəli mexanizm mövcud deyil. Hüquqi müdafiəyə ehtiyacı olan şəxslərin hüququ birbaşa məhkəmə zalında pozulur” –deyə, deputat bildirir. A. Zeynalyanın sözlərində yeni heç nə yoxdur. Korrupsiyalaşmış erməni cəmiyyətinin gəlir mənbəyi elə korrupsiyadır. Çünki insanların işləyib qazanmaq imkanı çox məhduddur, ona görə ki, iş yoxdur. 
Belə bir acınacaqlı durumda mütəxəssislər hökuməti, onun imkanı çatmayan məsələləri həll etməyə çağırırlar. Çünki, gələn il yanvarın sonlarında Donald Tramp Konqressə təqdim edəcəyi “Kreml məruzəsi” adlı sənəddə Vladimir Putinin yaxın ətrafında olan adamların adları salınacaq. Əgər Ermənistan hakimiyyəti öz üzərindən Rusiya təsirinin boyunduruğunu atmasa, anti-Rusiya sanksiyalar Ermənistanı da vuracaq. Ona görə ki, Putinpərəst məmurların və iş adamlarının Amerikanın maliyyə sisteminə girişi bağlanacaq. Şübhəsiz ki, yeni siyahıda erməni milyarderlərinin də adları olacaq. Bu da öz növbəsində Ermənistan iqtisadiyyatının asılı olduğu həmin milyarderlərinin ciblərinin boşalmasına və ölkəyə xaricdən köçürülən pulların azalmasına təsir göstərəcək. 
Hətta iş o yerə çatıb ki, Ermənistan indi cinayət aləminin “qanuni oğruları”nın ümidinə qalıb. Amma onların da başları üzərində qara buludlar dolaşır. Çünki, ABŞ tərəfindən Avrasiyanın 10 “qanuni oğrusuna” qarşı sanksiya tətbiq edib ki, bunların da arasında Erməni investorlar klubunun üzvü – AR-nın pasportunun daşıyan Ruben Taqulyan-Robson da var.
Hökumətin vəziyyəti düzəltmək üçün tərpənmək istəmədiyini görən əhali özü özünə “gün ağlamaq” məcburiyyətində qalıb. Kişilər əmək miqrantı kimi Rusiyaya, qadınlar isə pul qazanmaq üçün Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üz tutur. Bu sahəyə nəzarət edən məmurlar əlacsızlıqdan baş verən biabırçılığı “tradisiya” ilə izah etməyə məcburdurlar. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin trafikinqlə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan “1in”ə müsahibəsində deyir ki, ənənəvi olaraq hesab edilib və bu gün də hesab edilir ki, Ermənistan trafikinq törəyən ölkədir. Yəni, Ermənictan iqtisadi və mənəvi aşınmanın səviyyəsi elə bir həddə çatıb ki, artıq nə “cidanı çuvalda gizlətmək” olur, nə də onu aradan qaldırmaq. Buna görə də nə baş verirsə, cəmiyyət onu qəbul etməyə məcburdur. Çünki, başsız ölkədə baş saxlamağın ayrı yolu yoxdur.
N.NOVRUZ