Nizami rayonunda bayram tədbiri keçirildi-Aztəminatlı ailələr sevindirildi

28 Dekabr 2017 15:20 (UTC+04:00)

Bu gün Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə  təntənəli tədbir keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov, Ağsaqqallar Şurası rayon təşkilatının sədri Mayıl Əliyev və İcra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Başçının müavini G.İsrafilova tədbir iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun salamlamlarını və təbrikini çatdırıb. O, qeyd edib ki, Azərbaycan xalqının adət-ənənələri digər xalqların ənənələrindən öz zənginliyiylə fərqlənir: “Azərbaycanlılar həmişə bir-birilərinə əl tutub, köməyə ehtiyacı olanlara gərəkli dəstəyi veriblər. Bu sırada humanizm və xeyriyyəçilik ənənələri həmişə öndə olublar. Bilirsiniz ki, Hörmətli Prezidentimiz cənab İlham Əliyev aztəminatlı ailələrin yaşayış səviyyəsinin yüksəldilməsi üçün müxtəlif dövlət proqramlarına müəlliflik edir, onlardan diqqət və qayğısını əsirgəmir”.

G. İsrafilova çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən xeyirxahlıq nümunələrindən də söz açıb.

Tədbirdə çıxış edən digər natiqlər də tədbir iştirakçılarına öz bayram təbriklərini çatdıraraq onlara qarşıdan gələn Yeni ildə firavanlıq və səadət dolu günlər arzulayıblar. 

Bayram şənliyində iştirak edən rayon sakini Sona Qasımova Nizami Rayon İcra Hakimiyyətinin ona və ailə üzvlərinə olan qayğısından söz açıb. Daha sonra çıxış edən ikinci qrup əlil Ömər İsfəndiyarov qayğıya görə Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirib. Rayon sakini bayram günlərində aztəminatlı ailələrin, sağlamlıq imkanı məhdud şəxslərin hər zaman diqqətdə saxlanıldığını qeyd edib. Tədbir bədii hissə ilə davam edib.  Sonda Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarının hər birinə bayram hədiyyələri təqdim olunub. Tədbir iştirakçıları göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Zülfiyyə QULUYEVA