Azərbaycanda da "halal" otellər olacaq

29 Dekabr 2017 08:00 (UTC+04:00)

Araşdırmalar göstərir ki, Azərbaycanda "halal" otellər olmasa da, onlara tələbat kifayət qədərdir. Xüsusən də ərəb ölkələrindən gələn artan tursitlərin artımı fonunda məsələ daha da aktualdır. Yaranmış vəziyyətdə Azərbaycanda "halal" otellərin olacağını gözləmək olarmı?

Turizm üzrə ekspert Eldar Aslanov bildirdi ki, tələbin yaranması ilə bağlı olaraq yaxın illərdə Azərbaycanda da “halal” turizm obyektləri olacaq: “Halal” otel məsələsi turizmdə yeni bir istiqamətdir. Bir çox ölkələr, nəinki müsəlman, hətta Avropa ölkələrində bu tip otellər fəaliyyətdədir. Gündən-günə də belə otellərin  sayı artır. “Halal turizm” deyilən beynəlxalq təşkilatın yaradılması nəzərdə tutulur. Səhv etmirəmsə, keçən il bununla bağlı Türkiyədə böyük bir konfrans oldu ki, Turizm Universitetindən nümayəndələrimiz də orada iştirak etdi. 
Təbii ki, turizm bazarında gedən bu çağırışlar, proseslərə Azərbaycan da adekvat reaksiya verməlidir. Bu mənada keçən ildən Mədəniyyət və Turizm Nazirliyi “Halal” turizmlə bağlı müvafiq layihə və standartları hazırlayıb. Bu istiqamətdə işçi qrupu da yaradılıb. Mütəxəssislər, o cümlədən Turizm Universitetinin menecmentləri də prosesə qoşulublar. Məlumata görə, ölkəmizdəki bəzi otellər “halal” turizm adı altında bəzi məhsulların marketinqinə başlayıblar. Düzdür, hələlik tam olaraq “halal” turizm otelləri yoxdur. Amma  otellərin bəzi bölmələri, bəzi xidmətləri bu konsepsiyaya əsaslanmış formada fəaliyyət göstərməyə başlayıb. 
Əminəm ki, yaxın bir neçə il ərzində Azərbaycanda da yeni tikilən “halal” turizm obyektlərinə rast gələcəyik. Bazarın diqqəti bunu tələb edir. Ona görə də bazarın ümumi trendlərinə uyğun olmalıyıq. Əhalimizin əksəriyyətinin İslam dininə sitayiş etdiyini, müsəlman ölkələrindən çoxlu turistlərin gəldiyini nəzərə alsaq, bu istiqamətdə addımın atılması da tam olaraq gözləniləndir. “Halal” otellərdə otaqların təchizatı, namaz saatlarını qeyd edən müəyyən ləvazimatların olması, məhsullar hazırlanarkən məhz İslam, hətta yəhudi və xristianların adət-ənənələrinə uyğunlaşdırılan ayrı-ayrı paketlərin olması nəzərdə tutulur. Həmçinin asudə vaxtın keçirilməsi zamanı çimərliklər, fitnes, idman zalları, orada olan geyimlər, heyətin tərkibi də həmin konsepsiyaya uyğunlaşdırılır. Bu mənada düşünürəm ki, “halal” otellərin olması fonunda ölkəmizə gələn turistlərin sayı daha da artacaq. 
Təkcə müsəlmanlar deyil, digər dini konvensiya nümayəndələrində də halallıq anlayışı var. Bir çox turist və ziyarətçilər məhz öz həyat tərzlərinin tələbinə uyğun gələn yerlərdə yerləşmək və qidalanmağa üstünlük verir. Bu da normal haldır. Ona bazarın, azad iqtisadiyyatın bir tələbi kimi yanaşmaq lazımdır. Bu səbəbdən “halal” otel məsələsində başqa mənalar axtarmağa dəyməz.  Rəngarənglilik, çeşidlik təmin olunmalıdır ki, ölkəmizə daha çox turist gəlsin. Nəyə görə ruhani hayat tərzi sürən turistləri yayındırmalıyıq ki, onlar da Azərbaycana deyil, başqa ölkələrə səfər etsinlər”.
Rüfət NADİROĞLU