Errorziyaya uğramış torpaqların yenidən əkin dövriyyəsinə cəlb edilə bilər

29 Dekabr 2017 09:30 (UTC+04:00)

Errorziyaya uğramış torpaqların yenidən yararlı hala salınıb əkin dövriyyəsinə cəlb edilməsi dünya üçün ən aktual məsələlərdən biridir. Azərbaycanda da bu məsələ aktualdır. Azərbaycanda deqradasiyaya uğrayan torpaq sahəsi heç də az deyil. Bu da ümumi əkin sahəsinin yarısı deməkdir. Bu fonda ölkəmizdə də belə torpaqların yararlı hala salınması mümkündürmü? Mümkündürsə, bu, aqrar sahəyə nə vəd edir? 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, erroziyaya uğrayan torpaqları yararlı hala salmaq mümkündür: “Erroziyaya uğramış torpaqları yenidən yararlı hala gətirmək mümkündür. Hollandiyada ölkə ərazisinin az olması fonunda dənizin bir hissəsini qurutmaq hesabına əkin sahələrini genişləndiriblər. Təsəvvür edin, dənizin altında olan torpağı münbitləşdirmək daha çox resurs və vəsait tələb edir, nəinki Azərbaycanda deqradasiyaya uğrayan və şoranlaşan əraziləri əkinə yararlı hala gətirmək. 
Erroziyaya uğrayan torpaqların yararlı hala salınması istiqamətində ciddi problemlər də yoxdur. Ölkənin 40 milyard dollardan çox valyuta ehtiyatı var. Texnikanın alının gətirilməsi, şoran torpaqların yuyulması elə də çox maliyyə resursu tələb etmir. Ona görə də çox asanlıqla problemin öhdəsindən gəlmək mümkündür. Əsas odur ki, sözügedən işlə peşəkarlar məşğul olsun. Prosesə pay torpaqlarına malik fermerlərin özlərini də cəlb etmək olar. Fermerlərə maliyyə yardımı həyata keçirməklə, su ilə təmin etməklə onlara bu istiqamətdə kömək etmək mümkündür”. 
Həmsöhbətimiz qeyd etdi ki, erroziyaya uğrayan torpağın yenidən işə salınması ilə ölkədə daha çox məhsul istehsal etmək mümkün olacaq: “Erroziyaya uğrayan torpaqların yenidən yararlı hala gətirilməsilə münbit torpaq sahəsi daha da genişlənəcək. İkinci bir tərəfdən, bu addımın atılması məhsul istehsalı və məhsuldarlığın artımına da müsbət təsir edə bilər. Yeni iş yerləri yaranar, ölkənin ərzaq məhsullarına olan tələbatını daha çox həcmdə daxili imkanlar hesabına təmin edə bilərik. Bir sözlə, erroziyaya uğrayan torpaqların yararlı hala salınmasının ölkəmizə yalnız müsbət təsirləri olacaq”.  
İqtisad Universitetinin dosenti Qadir Bayramov qeyd etdi ki, kəskin erroziyaya uğrayan torpağı tam olaraq əvvəlki halına qaytarmaq mümkünsüzdür: “Torpaqlar hər zaman bu və ya digər dərəcədə deqradasiyaya məruz qalır. Ən zərərli deqradasiya prosesi də torpağın erroziyaya uğramasıdır. Dünyanın bütün ölkələrində bu və ya digər dərəcədə belə hala rast gəlmək olur. 
Qardaş Türkiyədə hər il Şimali Kiprin ərazisi qədər torpaq sahəsi erroziyaya uğrayır. Bu fonda torpaq fəaliyyətsiz hala gəlir və münbitlik azalır. Normalda bir sıra əvvəlki strukturu yox olan torpaqları bərpa etmək olar. Amma erroziyaya uğramış torpağı tam olaraq əvvəlki şəklinə qaytarmaq demək olar ki, mümkünsüzdür. Torpaq erroziyaya uğramaqla həm məhsuldarlığı azaldır, eyni zamanda torpaqda olan bir çox mikroelementlər də azalır. Torpaq əvvəlki xassələrini itirir, buxarlanmaya daha çox xassə sərf olunur və beləliklə quraqlıq yaranır. Erroziyaya uğrayan torpaqda bir santimetr münbit torpağın yaranması üçün təxminən 300 il müddət lazım gəlir. Amma həmin torpağın münbit qatının itirilməsi üçün çox qısa müddətdə torpağın erroziyada qalması yetərlidir. 
Azərbaycanda bir sıra yerlərdə erroziya problemi daha kəskindir. Xüsusən də Böyük Qafqaz yamacları və Naxşıvanın bir hissəsində bu hal özünü daha kəskin göstərir. Azərbaycanda 1950-ci illərin sonlarından etibarən sistemli şəkildə erroziya məsələsini araşdırmağa başlayıb, tədqiqatlar aparıb, sanballı elmi əsərləri də ortaya qoyublar. Amma son illər ölkəmizdə bu sahəyə də diqqət azalıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq sözügedən problemuin həllinə nail olmaq üçün daha geniş həcmdə tədqiqatların aparılmasına ehtiyac vardır. Bu istiqamətdə ənənəvi klassik metodlarla yanaşı, aerokosmik metodlardan da istifadə edilir. Uçan aparatlar vasitəsilə müşahidələr aparmaqla möcud vəziyyəti qısa zamanda təsvir etmək mümkündür. Lakin daha yaxşı üsul yerində tədqiqatlar aparmaqdır. Erroziya məsələsinin qarısı alınmasa gələcəkdə kənd təsərrüfatı üçün bir sıra mənfi fəsadlar yaranacaq. Prosesin qarşısının alınması üçün daha yaxşı vasitə meşə zolaqlarının salınmasıdır. İkinci bir tərəfdən, erroziyaya meylli ərazilər xüsusi metodlarla şumlanmalıdır.  Suvarma normalarına ciddi əməl edilməlidir. Bu istiqamətdə tədqiqatlar effektli şəkildə aparılarsa, problemin müəyyən dərəcədə həllinə nail olmaq olar”.
Rüfət NADİROĞLU