Qarabağ münaqişəsində dönüş ili

30 Dekabr 2017 08:00 (UTC+04:00)

Fikirlər səslənir ki, gələn il ərzində Qarabağ münaqişəsinin həllində ya diplomatik, ya da hərb müstəvisində dönüş ili olacaq. Qeyd edək ki, başa vurmaq üzrə olduğumuz ildə münaqişənin həlli istiqamətində diplomatik müstəvidə bəzi səylər göstərildi. Cari il ərzində bir dəfə prezidentlər səviyyədində görüş keçirildi. Lakin buna baxmayaraq, Ermənsitanın qeyri-konstruktiv mövqeyi üzündən konflikt hələ də həllini tapmayıb. Hərbi müstəviyə gəldikdə 2016-cı ilin aprel döyüşləri səviyyəsində olmasa da, hər halda bu istiqamətdə də bəzi addımları müşahidə etdik. Cari il ərzində həll prosesi istiqamətində aparılan səylərin müəyyən dərəcədə intensivləşməsi fonunda da bir çox ekspertlər gələn il üçün münaqişənin həllində ya diplomatik, ya da hərbi müstəvidə dönüş ili olacağını düşünür. 

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, konfliktin həllində aparıcı mövqeyə malik dövlətlərin mövqeyində problemə münasibətlərində dəyişiklik yarandığı təqdirdə gələn il həll prosesində dönüş ili ola bilər: “Gələn il ərzində Qarabağ konfliktinin həllində diplomatik, ya da hərbi müstəvidə dönüş ili olacağı haqqında fikirlərlə tanışam. Amma bu fikirlər haçalanır. Bir qism müsbət mənada hansısa dəyişikliyin olacağını düşünür. Digər qrup isə hesab edir ki, görüşlər olacaq, amma nəticə yox. Ona görə də məsələni birmənalı qiymətləndirmək çətindir. Amma xüsusi olaraq vurğulayıram ki, münaqişənin tənzimlənməsinə daha çox təsiri olan dövlətlər problemə münasibətdə indiyə kimi eşitdiyimizdən müəyyən fərqli yanaşma ortaya qoysalar, birdən-birə olmasa da, hansısa pozitiv hərəkətlilik ola bilər.  Onun da olması üçün fərqli yanaşma onların mənafe və maraqları ilə bağlı olmalıdır. Bu baş verərsə, prosesdə dəyişiklik ola bilər. Azərbaycan isə mövqeyində qətiyyətlidir. Münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü prinsiplərdən bir an belə geri çəkilməyəcək. İşğala məruz qalan dövlətdən onlar artıq heç nə tələb edə bilməzlər. İşğal faktı aradan götürülməlidir. Bu, birinci şərtdir. Ondan sonra danışıqlar olmalıdır”. 
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoy bu qənaətdədir ki, Qarabağ konfliktinin həlli prosesində Rusiya ilə Türkiyə gələn il üçün müəyyən ortaq məqamları ortaya qoya bilərlər: “Qarabağ münaqişəsinin gedişi və həllinə təsir göstərən həm daxili, həm də xarici faktorlar var. Xarici faktorlar həm regional, həm də qlobal faktorlarla bağlıdır. Məsələyə daxili faktordan yanaşsaq, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri ili olacaq. Bu ərəfədə isə iqtidar Qarabağ məsələsində daha çox siyasi fəallıq nümayiş etdirməkdə maraqlı olacaq və əvvəlki səylərini daha da artıracaq. Ermənistan tərəfindən də, orada yaşanan ağır siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq Qarabağ məsələsilə bağlı ən azından görüntü xarakterli müəyyən fəallaşmanın gündəmə gətiriləcəyini istisna etmirəm. Regional müstəvidə Rusiyanın Avrasiya və Yaxın Şərq coğrafiyasında ciddi şəkildə fəallaşdığını görürük. Bunu Suriya və Qüds məsələsində gördük.  Qarabağ məsələsində də Moskvanın rolu, təsir imkanları hamıya yaxşı bəllidir. Ona görə Qarabağ məsələsində də Rusiya tərəfindən müəyyən fəallaşmanın baş verəcəyini istisna etmək olmaz. Xüsusən də Rusiyanın Azərbaycandakı imicinin zəif olduğunu nəzərə alsaq, həmin imici yüksəltmək üçün Moskvanın prosesdə fəallaşacağını düşünmək olar. Düzdür, bu istiqamətdə Rusiya fəallığı hiss olunur, amma onun nəticələrini görmürük. Bu mənada ola bilsin gələn il ərzində nəticənin olması üçün yeni təşəbbüslər gündəmə gəlsin. İranın da regiondakı fəallığı artır. Onun bu mənada Qafqazda da fəallaşdığını görə bilərik. Bu fəallaşmanın bir hissəsi olaraq Tehranın azn ehtimal olsa da belə Qarabağ məsələsində də aktivləşməsini müşahidə edə bilərik. Türkiyə də regionda təkrarən aktiv mövqe sərgiləməyə başlayır. Ankaranın Azərbaycanla münasibətini, Qafqazın qardaş ölkə üçün əhəmiyyətini nəzərə alsaq, Qarabağ məsələsində də Türkiyənin fəallaşacağını gözləmək olar. Amma Türkiyənin bölgədə yenidən fəallaşmasının ən əhəmiyyətli xüsusiyyətlərindən biri o ola bilər ki,  qarşıdakı dövrdə Ankara ilə Moskva arasında Qarabağ məsələsində də daha çox koordinasiya əldə edilsin. Bunun ciddi nümunəsini Suriyada və Qüds məsələsində gördük. 
Bu mənada Qarabağ məsələsində də Moskva ilə Ankara  müəyyən ortaq məqamları gündəmə gətirə bilərlər. Qlobal kontekstdə isə Qarabağ məsələsinə təsir edə bilən iki tərəf var, ABŞ və Avropa Birliyi. İran məsələsilə bağlı olaraq düşünürəm ki, Qafqaz məsələsi də Vaşinqton üçün prioritet təşkil edəcək. İran məsələsində Bakının dəstəyini almaq üçün ola bilsin, ABŞ Azərbaycana dəstəyini artırsın. AB də digərləri qədər olmasa da münaqişənin həlli prosesində zaman-zaman müəyyən fəallıq nümayiş etdirir. Ola bilsin, önümüzdəki dönəmdə AB bu istiqamətdə növbəti cəhdlərdə bulunsun. Amma bu cəhdlər daha çox yardımçı xarakter daşıyacaq. 
Məsələnin hərbi müstəviyə daşınmasına gəldikdə, 2016-cı ilin aprel döyüşləri təkrarlana bilər. Ancaq bu zaman Moskvanın tutacağı mövqe əhəmiyyətli olacaq. Bu da Azərbaycan-Rusiya, eləcə də Rusiya-Türkiyə münasibətlərinin ümumi səviyyəsindən asılı olacaq. Moskva ilə Ankara problemin həlli istiqamətində birgə müəyyən cəhdlərdə bulunsalar və İrəvan buna müqavimət göstərməyi qərara alsa, yeni bir savaş alovlana, ölkəmizə növbəti bir füsrət verilə bilər”.
Rüfət NADİROĞLU