Kirayə mənzillərə tələb artacaq

30 Dekabr 2017 09:00 (UTC+04:00)

"Gələn ilin yanvarından Bakının "Sovetski" adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək". Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. 

S. İslamov bildirib ki, "Sovetski"dən köçürmənin birinci mərhələsi bu ilin avqustunda başa çatıb, 4300 ailə ərazidən köçürülüb, böyük ərazi abadlaşdırılıb: "Yeni mərhələdə köçürmə işləri ilə bağlı  sənədləşdirmə işləri aparılır. Gələn ilin yanvarından daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək".
İqtisadçıların fikrincə, növbəti köçürülmə prosesi daşınmaz əmlak bazarına müəyyən qədər təsir edəcək. Xüsusən də kirayə bazarında canlanma yaradacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, köçürülmənin daşınmaz əmlak bazarına müəyyən təsirləri olacaq: “Əsasən də qiymətlərin artımı müşahidə ediləcək. Çünki yeni mənzillərin alışı ilə bağlı tələbin artması mümkündür. 
Eyni zamanda kirayə bazarında tələbin yüksəlməsi məsələsi gündəmə gələ bilər. Lakin "Sovetski"dən 2 min ətrafında mənzilin köçürülməsi, kəskin göstəricilərlə nəticələnməyəcək. Yəni, cüzi təsirlər olacaq. Bu, bazara təsir edəcək rəqəm  deyyil. Bundan başqa, əhalinin alıcılıq qabiliyyətinin yüksək olmaması baxımından 2018-ci ildə daşınmaz əmlak bazarında kəskin dəyşikliklərlə rastlaşmayacağıq”. 
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bildirdi ki, köçürülmə kütləvi şəkildə olmayacaq: “Bu səbəbdən də bazarda böyük dəyişikliyə gətirib çıxartmayacaq. Əgər iki min ailə eyni anda bazara daxil olarsa, bu, daşınmaz əmlak bazarının bütün seqmentlərinə təsir edə bilər. Köçürülmə mərhələli şəkildə olduğuna görə, bazara qismən təsir edəcək. 
Ümumiyyətlə, nəzərə alaq ki, hazırda paytaxtın bir çox hissəsində dövlət proqramı çərçivəsində söküntü işləri gedir. Söküntülər isə təkrar və ilkin mənzil bazarına yox, əsasən kirayə bazarına təsir edir. Kirayə bazarında tələb artır. Çünki sakinlər ev alana qədər kirayə bazarına üstünlük verirlər. Bu da kirayə qiymətlərini artırır. Xüsusən də mərkəzdən kənar ərazilərdə kirayəyə tələbat yüksəlir. Kirayə bazarının da ən çox aktiv olduğu ərazilər üçüncü zonadır. Əsasən metro stansiyası, ictimai infrastrukturu olan ərazilərdir. Xüsusən Memar Əcəmi, Neftçilər, Qara Qarayev metro stansiyalarının yaxınlığı kirayə bazarı üçün daha aktivdir. Bu ərazilərdə kirayə bazarında qiymətlərdə artım müşahidə edilir. Söküntü işləri ilə əlaqədar tələb artıb. 
Bu köçürülmənin ilkin mənzil bazarına təsiri gözlənilmir. İnsanlar əsasən təkrar mənzil bazarına üz tuta bilərlər. Bundan başqa, söküntü işləri torpaq bazarına da təsir edəcək. Çünki insanların əldə edəcəkləri pul onların Bakı ətrafı sahələrdə torpaq almağa imkan verir. Bununla da özlərinə fərdi yaşayış evi tikə bilərlər. Nəzərə alaq ki, torpaq bazarına həmişə tələbat var. Söküntü işləri həmçinin tikinti materiallarına da tələbatı artıracaq. Lakin özümüzdə tikintinin əsas hissəsini təşkil edən tikinti materialları istehsal olunur. Ona görə də tələbatı ödəyəcək qədər resurslarımız var. Yəni, tikinti materiallarının qiymətində köklü dəyişiklik gözlənilmir”.
Mübariz BAYRAMOV