Gürcüstan səfərində Sarkisyanın əli boşda qalıb

30 Dekabr 2017 09:30 (UTC+04:00)

Dekabrın 25-də Ermınustab prezidenti Serj Sarkisyanın Gürcüstana səfər etməsi Eldar Ryazanovun çəkdiyi “İtalyanların Rusiya sərgüzəştləri” filminin fabulasını xatırladıb. Belə ki, əvvəlcə baş nazir Karen Karapetyan Gürcüstanın baş naziri Giorgi Kvirikaşviliyə boğaz çəkib, dil töküb ki, İrəvana rəsmi səfərə gəlsin. Amma sonradan məlum olub ki, Sarkisyan özü dekabrın 15-də Gürcüstana səfərə gedəcək. Amma nədənsə səfər ayın 25-də reallaşdırılıb və Serj oradan Moskvaya yollanıb. 

Prosedura əsasən Tiflisdə baş vermiş qucaqlaşıb öpüşmə səhnəsi indi İrəvanda möhkəm müzakirə mövzusuna çevrilib. Ekspertlər çaşqınlıq içərisində düşünürlər ki, bu qucaqlaşma fonunda nə üçün Gürcüstan rəhbərliyi Osetiya və Abxaziyadan keçən magistral yolun açılmasına razı olmayıblar. Çünki, dağlıq Lars yolu qış aylarında bağlı olur və Ermənistan özünün “qazamat” günlərini yaşayır. Onsuz da ölkənin iqtisadi vəziyyəti bərbad gündədir. Bu tərəfdən də Rusiya ilə yerüstü nəqliyyat əlaqələrin kəsilməsi vəziyyəti lap çıxılmaz edir.
Politoloqlar düşünürlər ki, bəlkə də Serjin könlünə Gürcüstan və Rusiya arasında vasitəçilik etmək düşdüyündən səfər tarixini dəyişərək 25-də Tiflisə, oradan isə Moskvaya gedib. Amma hamının yekdil fikri budur ki, Sarkisyan Moskvaya “əli ətəyindən uzun” yola düşüb. Tiflisdə ona “yox” deyilib.
Bəzi erməni politoloqları isə onsuz da Sarkisyanın əlindən bir iş gəlmədiyini qeyd edərək bildirirlər ki, o, Tiflisə Gürcüstanın rəsmi şəxsləri ilə görüşməyə yox, qeyri-rəsmi şəxs olan milyarder Bidzina İvanişvilidən məsləhət almağa gedib. Axı, 2012-ci ildə İvanişvili Saakaşvilini devirərək onun yerinə keçmiş, daha sonr isə hakimiyyəti adamlarına təhvil verərək, özü kölgəyə çəkilib. Hərçəndi real hakimiyyəti yenə də əlində saxlayır. O vaxt İvanişvili bildirmişdi ki, Saakaşvilinin hakimiyyətini o, özü maliyyələşdirib, lakin islahatların fayda vermədiyini görərək Saakaşvilini devirib. İndi Sarkisyan gələn il ölkəsinin parlament respublikasına çevriləcəyi ilə əlaqədar İvanişvilidən məsləhət alıb ki, o da hakimiyyəti təhvil verib özü kənardan dövləti idarə etsin. Düzdür, belə bir görüş barədə informasiya kanalları məlumat yaymayıb, ona görə ki, belə görüşlər tamamilə məxfi keçirilir, amma hər bir halda güman etməyinə dəyər-deyə, erməni ekspertlər istehza ilə bildirirlər.
Tiflis görüşünün isə məlum olan aydın faktı budur ki, Sarkisyan qonşu evinə necə getmişdisə, eləcə də oradan əliboş çıxıb. Başqa sözlə, gürcü mənsublar ermənilərə görə birincisi, qürurlarını sındırmayıblar. Ona görə ki, Osetiya və Abxaziyadan keçən yolun açılması bu vilayətlərin Rusiya tərəfindən işğalına haqq qazandırmış olar. İkincisi, gürcülə azərbaycanlılarla kəsdikləri çörəyi, habelə dar günlərində azərbaycanlılardan, Azərbaycan dövlətin onlara əl uzardıqlarını, yardım edib ayaqda qalmalarına kömək etdiklərini unutmadıqlarını sübuta yetiriblər.
   
N.NOVRUZ