Yarım milyon dollarlıq dələduzluqla bağlı bankdan AÇIQLAMA - YENİLƏNİB

29 Dekabr 2017 18:17 (UTC+04:00)

15:31

"Bank of Baku"nun əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb.

Movqe.az bildirir ki, bunu Trend-ə bankın İdarə Heyətinin sədri vəzifələrini icra edən Eldar Həmidov deyib.

Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir səbəb yoxdur: "Bu, uğursuz oğurluq cəhdi idi, amma bu əməlin qarşısı operativ şəkildə alınıb. Bütün pullar qaytarılıb".

Qeyd edək ki, "Bank of Baku"nun adı açıqlanmayan əməkdaşı 425 min dolları mənimsəyərək ölkədən çıxmağa çalışıb. Onun bu cəhdinin qarşısı alınıb.

------------

 

13:22

Bakıda bankdan əmanətçinin külli miqdarda pulu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb oğurlayan bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.