Sahib Məmmədov: Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər 2018-ci ildə də davam etdiriləcək

31 Dekabr 2017 15:40 (UTC+04:00)

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı tədbirlər gələn il də davam etdiriləcək. Movqe.az bildirir ki,  bunu Trend-ə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib: “2018-ci ildə ölkədə sahibkarların sayının artırılması məqsədilə biznesin dəstəklənməsi üzrə işləri davam etdirəcəyik”.

2017-ci ilin yekunlarını şərh edən S.Məmmədov bildirib ki, cari ildə Azərbaycanda xüsusilə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması sahəsində irimiqyaslı iqtisadi islahatlar aparılıb:

 

“Bu islahatlar və ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar ÜDM-də özəl sektorun payının 80 faizdən çox artmasına səbəb olub. Həyata keçirilən tədbirlər, əsasən də lisenziyalaşdırma prosesinin sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılma müddətinin uzadılması, investisiyaların təşviqi üzrə işlər və ixracın stimullaşdırılması ölkədə sahibkarlığın inkişafına gətirib çıxarıb. Bunun nəticəsi olaraq, hazırda Azərbaycanda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 880 mini keçib, məşğulluq sahəsində özəl sektorun payı 75 faizdən çoxdur.

İqtisadiyyat Nazirliyinin daha öncə yaydığı məlumata əsasən, Azərbaycanda sahibkarlar 1,8 milyard manat həcmində 212 investisiya təşviqi üzrə sənəd alıb.

Qeyd edək ki ki, Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli qanunun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərmana əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.