Aygün Kazımova, Röyadan və Nuradan nə istəyir? - FOTO

27 Aprel 2012 13:07 (UTC+04:00)

Movqe.Az xəbər portalının məlumatına görə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan iş adamları Valeri və Vadim İlişayev qardaşlarının rəhbəri olduqları "V&V Company"nin təsis etdiyi "Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011" öz sahiblərinə təqdim olundu.

Əvvəlcədən qeyd olunduğu kimi, "Qrand-2011"in aparıcıları xalq artisti Aygün Kazımova və tanınmış ekstrasens Zirəddin Rzayev olacaqdı. Amma mərasim başlayanda tamaşaçılar tədbirin kişi aparıcısı olan tanınmış ekstrasens Z.Rzayevin Azərbaycanının məşhur şoumeni Murad Dadaşov ilə əvəzlənməsinin şahidi oldular. Buna baxmayaraq, aparıcı cütlüklər Z.Rzayevi və daha sonra məşhur televiziya aparıcısı Nərgiz Cəlilovanı səhnəyə dəvət etdilər. Tanınmış ekstrasens isə tədbirin aparıcılıq missiyasını yerinə yetirməkdə çox çətinlik çəkirdi.

İlk mükafat alan "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal oldu. Mükafatı Eldar özü aldı. Çünki Nigar ölkə xaricində olduğu üçün tədbirə gəlməmişdi.

Tədbirin ən maraqlı məqamı isə məşhur müğənni Röya Ayxanın ifa etdiyi "Sənə görə" mahnısına görə, "İlin ən yaxşı mahnısı" nominasiyasına layiq görülməsi oldu. Təəssüf ki, Röya Türkiyədə olduğundan mükafat səhnəyə təşrif buyuran, özünü müğənninin rəfiqəsi kimi təqdim edən Səbinə adlı xanıma verildi. O, Röyanın Türkiyədə olmasını dedi. Röyanın adı çəkiləndə səhnədə Aygün Kazımova yox idi. Xalq artisti səhnəarxasında geyimini yenisi ilə əvəzləyirdi. A.Kazımova səhnəyə çıxanda isə kinayə ilə "rəfiqəsi…" dedi.

Bundan başqa, tədbir bir çox maraqlı məqamları ilə yaddaqalan oldu. Belə ki, Aygün və xüsusiylə, Murad zarafatları ilə tamaşaçalıra xoş təsir edirdilər.

Müğənni Nuri Surini təqdim edən aparıcı cütlüklər, müğənniyə mükafatını təqdim etmək üçün səhnəyə dəvət etdilər. Müşahidə apardığımız zaman diqqətimiz çəkən bir məqam oldu. Nura əvvəl ön sırada əyləşsədə, onu təqdim etməzdən 10 dəqiqə əvvəl dəhlizə keçməsi oldu. Aparıcılar onu təqdim edən də isə, pilləkanlərdan pillələri bir-bir addımlayaraq, üzü səhnəyə tərəf gələn Nuranın bu jesti Aygünün ürəyincə olmadığı hiss olunurdu. Səhnədə hər iki xanım bir-birilərini sual-cavab atəşinə tutaraq, sətiraltı ifadələr işlədirdilər.

Məşhur mahir muğam ifaçısı, xalq artisti Alim Qasımovun da səhnəyə dəvət olunması da xüsusi maraq doğurdu. Əvvəl səhnəyə A.Qasımov mükafat almaq üçün səhnəyə dəvət olundu. Xalq artisti səhnəni tərk edərkən, ardınca onun qızı, əməkdar artist Fərqanə Qasımova dəvət edildi. Bundan sonra A.Qasımov, səhnədən gedən qızı F.Qasımovanın əllərindən tutub yenidən səhnəyə qaytararaq, muğamdan bir parça ifa etdilər. Onların bu qısa və möhtəşəm ifası tamaşaçıları ayağa qaldırdı. Hamı onları ayaqüstə alqışlayırdı.

Tədbirin diqqət çəkən məqamlardından biri də, hər kimsə səhnəyə mükafat almağa təşrif buyururdusa, səhnə ilə üz-üzə əyləşən Azərbaycanın xalq artisti İlhamə Quliyevanı salamlaması və ona xoş sözlər söyləmisi olurdu. Əgər kimsə xoş söz söyləmirdisə, xalq artistinə jest edirdi.

Ümumiyyətlə, bir çox maraqlı və yaddaqalan məqamları ilə keçirilən tədbir tamaşaçılara xoş əhval-rühiyyə bəxş etdi.

Qeyd edək ki, "V&V Company"nin təsis etdiyi "Qrand Müstəqil Milli-İctimai Mükafatı" brendi 10 ildən artıqdır ki, tanınmış ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, ölkə KİV-lərinin əməkdaşlarının, eləcə də estrada müğənnilərinin il ərzində gördükləri yaradıcı işlərinə verilən qiymət kimi öz sahiblərinə təqdim olunur.

Fuad Mədətov

Movqe.Az