Yerli dərman istehsalı problemə çevrilib

19 Mart 2013 17:22 (UTC+04:00)
Azərbaycanda dərmana tələbat böyük olsa da, ölkədə bu günə qədər dərman istehsal edən zavod yoxdur. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi  Pərviz Əzizbəyovun Movqe.az-a verdiyi məlumata görə, ölkədə rəsmi qeydiyyatda olan dərmanların yalnız 60 adda olanı Azərbaycanın öz istehsalı olan dərman preparatlarıdır: "Qalanları isə əsasən Avropa Birliyi ölkələrindən idxal olunur. Azərbaycanda rəsmi dövlət qeydiyyatda olan dərmanların 50%-dən çoxunu Avropa istehsalı olan dərman preparatları təşkil edir".
Bəs görəsən ölkədə dərmana olan tələbatı yerli istehsal hesabına ödəmək nə vaxt mümkün olacaq. Qeyd edək ki, hələ 2006-cı ildə səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda dərman istehsal edən zavodun yaradılmasından danışmışdı. Nazir bildirmişdi ki, bu istiqamətdə müvafiq danışıqlar aparılır: "Bu gün Azərbaycanda belə bir müəssisənin yaradılmasına ehtiyac duyulur ki, bu da ölkədə bəzi dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq və respublikaya xarici ölkələrdən dərman idxalının qarşısını alacaq".
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda əczaçılıq sahəsində istehsala maraq göstərən şirkət çoxdur: "Ancaq bununla bağlı qərarı Səhiyyə Nazirliyi təkbaşına vermir. Bu sahə üzrə fəaliyyət göstərmək istəyən şirkətlər eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinə də müraciət edirlər: "İngiltərənin insulin istehsal edən bir şirkəti müraciət edib. Bununla yanaşı, misirlilərin də Azərbaycanda əczaçılıq zavodu qurmaq niyyəti var. Sözsüz ki, Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət quracaq şirkətlərin keyfiyyətli və ucuz qiymətə dərman istehsal etmələrinə ancaq tərəfdar ola bilər".
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də deyir ki, əgər ölkədə dərman istehsalına başlanılarsa və nazirliyin dərman alınması üçün keçirdiyi tenderdə həmin zavodun məhsulları sərfəli təkliflə çıxış edərlərsə, nazirlik ola bilər ki, yerli istehsala üstünlük versin: "Tender zamanı hansı şirkıt keyfiyyətli və sərfəli təklif edirsə, həmin şirkət də tenderdə qalib olur. Azərbaycanda hələki dərman istehsal edən iri şirkət yoxdur. Buna səbəb Azərbaycanda dərman bazarının kiçik olmasıdır. Sahibkarlar isə biznes maraqları təmin oluna bilən sektorlara investisiya yatırırlar ki, qazanc əldə etsinlər".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, sahibkarlar tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna belə bir layihə ilə müraciət olarsa mütləq həmin müraciətə baxılacaq.
İqtisadçı Vüqar bayramov isə ölkədə dərman istehsalını rentabelli sayır. Onun sözlərinə görə, dərman məcburi istehlak edilən məhsullar sırasındadır: "Azərbaycanda dərman istehsalı ilə bağlı ənənə yoxdur. Odur ki, sahibkarlar bu sahəyə investisiya yatırmağa elə də maraq göstərmirlər. Digər səbəb isə  dərman bazarında süni maneyələrin olmasıdır. Normal mühit yaradılarsa, ölkədə dərman istehsalı gəlirli biznesə çevrilə bilər. Çünki Azərbaycanda dərmanların qiyməti 2,5 dəfə yüksəkdir. Ölkədə keyfiyyətli dərman istehsal edilib sərfəli qiymətə satılarsa, alıçı toplaya bilər".